AMİP-dən Konstitusiya Məhkəməsinin qərarına etiraz: "Bankların xeyrinə qərar verib"

img

25-09-2018 [15:07]


Azərbaycan Milli İstiqlal Partiyası dollar kreditləri ilə bağlı bəyanat verib.

Mia.az-a daxil olan bəyanatı təqdim edirik: 

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsinin 1,05 manat səviyyəsində müəyyən edilməsi, 21 dekabr 2015-ci il tarixli qərarı ilə isə manatın üzən məzənnə rejiminə keçilməsi nəticəsində Azərbaycan manatı 2015-ci ilin 10 ayı ərzində iki dəfə devalvasiyaya uğramışdır. Qəbul edilmiş bu iki qərardan ötən müddət ərzində ümumilikdə milli valyutanın devalvasiyası 100%-dən artıq olmuşdur.
O zaman Mərkəzi Bankın İdarə Heyəti manatın üzən məzənnəyə keçməsi ilə bağlı qərar verərkən "qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb prosesləri, neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsini, ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını, dünya iqtisadiyyatında baş verən proseslərin qlobal iqtisadiyyata sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir göstərdiyini” əsas gətirmiş, qəbul edilmiş qərarın "ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması və milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədi”nə xidmət etdiyini vurğulamışdı. Lakin, təəssüf ki, hər iki qərar qəbul edilərkən ən başlıca amil – Azərbaycan vətəndaşının mənafeləri nəzərə alınmamış, sıravı vətəndaşa çox böyük iqtisadi və mənəvi zərbə vurulmuşdur. Xüsusilə də banklardan ABŞ dolları ilə yüksək faizlərlə kredit götürən vətəndaşlarımız ciddi problemlərlə üzləşmiş, hətta bəzi hallarda bu problemlər ailə faciələrinə və intiharlara səbəb olmuşdur. Bu gün Azərbaycan məhkəmələrində vaxtı ötmüş problemli bank kreditləri ilə bağlı saysız-hesabsız iddia işlərinə baxılır. Bir çox hallarda hər yerdən əli üzülən insanlar vətəndaşı olduğu Azərbaycan dövlətindən bu məsələ ilə bağlı ədalətli qərar veriləcəyinə böyük ümid bəsləsə də, çox böyük təəssüf hissi ilə bildiririk ki, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci (Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi) maddəsini sıravı vətəndaşın deyil, ayrı-ayrı bankların xeyrinə şərh etməsi ilə həmin ümidlər də söndürülmüşdür.

Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi: "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz” müddəasını əks etdirən qərarını qətiyyətlə pisləyir.

Azərbaycan Milli İstiqlal Partiyası qəbul edilmiş Qərarın qəti olduğunu, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilmədiyini nəzərə alaraq Azərbaycan hökumətini ABŞ dolları ilə kredit götürmüş vətəndaşların banklara olan borclarının 2015-ci ilin 20 fevral tarixinə 1 ABŞ dollarının Azərbaycan Manatına olan məzənnədən əlavə hissəsinin dövlət büdcəsindən ödənilməsi ilə bağlı qərar qəbul etməyə çağırır.


Digər xəbərlər
SON XƏBƏRLƏR