Şriftin ölçüsü / 79 dəfə oxunub

“TAP İtaliyada xərcləri azaltmağa yardım edəcək” - İcraçı direktor

25 Sentyabr 2018 [14:47]
 Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) İtaliyada rəqabət mühiti yaradaraq təbii qaza görə xərcləri azaltmağa yardım edəcək.

"Report” xəbər verir ki, bunu "TAP AG”nin icraçı direktoru Luka Şipati (Luca Schieppati) İtaliya Enerji Sammitində çıxışında bildirib.

İcraçı direktor qeyd edib ki, İtaliya təbii qazın böyük hissəsini idxal edir: "Buna görə də istehlakçılara təhlükəsiz, şaxələndirilmiş və rəqabətədavamlı enerji lazımdır. TAP bu hədəflərə kömək edəcək, həmçinin bərpa olunan enerji ilə birgə dekarbonizasiyanı dəstəkləyəcək".

O qeyd edib ki, italiyalı ailələr Avropanın digər ölkələrindəki ailələrdən təbii qaza 19% çox pul ödəyir: "İtaliyanın qaz tələbatının 12%-ni təmin edəcək TAP bu boşluğu azaltmağa yardım edəcək. Daha çox qaz, daha çox rəqabətlilik xərcləri azaldır”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

TAP layihəsinin ümumi dəyəri 4,5 mlrd. avro qiymətləndirilir.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.


SON XƏBƏRLƏR