Mətbuat Şurasında Oqtay Cəfərovla görüş - Qocaman jurnalistə mükafat verildi

img

25-09-2018 [14:43]


Azərbaycan Mətbuat Şurasında qocaman jurnalist Oqtay Cəfərovla görüş keçirilib.

Mia.az şuraya istinadən xəbər verir ki, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov 85 illiyini qeyd edən veteran qələm sahibinin ölkə mətbuatının inkişafındakı xidmətlərindən söz açıb.

O bildirib ki, rəhbərlik etdiyi qurumun tərkibindəki Ahıl Jurnalistlər Məclisinin Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı "Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır” layihəsi ömrünü-gününü peşəyə sərf edən jurnalistlərin əməyinin dəyərləndirilməsi baxımından son dərəcə vacibdir: "Oqtay Cəfərov da keçdiyi ömür yolu peşə müstəvisində yüksək qiymətləndirilməli olan şəxslərdəndir.

Oqtay müəllim kimi insanlar daim diqqət mərkəzində saxlanılmalıdır. Çünki onlar peşəni həqiqətən də seviblər, ucaldıblar, hər zaman işlərinə, prinsiplərinə sadiq qalıblar. Eyni zamanda ziyalı kimi də cəmiyyətə nümunə olmağı bacarıblar”.

Əflatun Amaşov Oqtay Cəfərova Mətbuat Şurasının fəxri diplomunu təqdim edib.

Görüşdə çıxış edənlərdən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə, "Xalq qəzeti”nin baş redaktor müavini, əməkdar jurnalist Tahir Aydınoğlu, professor Tehman Əliyev, əməkdar mədəniyyət işçisi Rafiq Salmanov yubilyarı peşəkar jurnalist, cəsarətli qələm sahibi kimi səciyyələndiriblər.

Oqtay Cəfərov 1952-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinin ikinci buraxılışının məzunu olub. Jurnalist fəaliyyəti müddətində Göyçay rayonunda çıxan yerli qəzetin, Sumqayıtın "Kimyaçı” qəzetinin, "İnşaatçı” qəzetinin, həmçinin "Müxbir” jurnalının baş redaktoru olub. Ömrünün 60 ili mətbuatda keçib.


Digər xəbərlər
SON XƏBƏRLƏR