Şriftin ölçüsü / 373 dəfə oxunub

Əbülfəs Qarayev vətəndaşları qəbul etdi, müvafiq tapşırıqlar verdi

25 Sentyabr 2018 [13:24]
Mədəniyyət naziri Əbülfəs Qarayev bu gün Qusarda vətəndaşları qəbul edib. 

Nazirlikdən Mia.az-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarından olan sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Xaçmazdan qəbula gələnlər rayonda dekorativ-tətbiqi sənəti ilə bağlı muzeyin yaradılması, səyyar sənətkarlıq kurslarının təşkil olunması, işlə təmin olunma, milli vokal qrupunun yaradılması və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Quba sakinləri tərəfindən rayon Mərkəzi kitabxanasında aparılmış əsaslı təmirə görə minnətdarlıq ifadə olunub, həmçinin gözdən əlillər üçün xüsusi proqram və kitabxanalara yeni kitabların verilməsi, Qırız kəndindəki VIII-X əsrlərə aid olan Əbu Müslim məscidinin bərpa olunması və tarixi abidə kimi qorunması, Mühüc və I Nügədi kəndlərindəki məscid binalarının təmiri, "Atəşgah” xalq folklor kollektivinin rəsmi statusunun bərpa edilməsi barədə müraciətlər edilib.

Qusardan qəbula yazılan vətəndaşların müraciətləri rayonun Uşaq incəsənət məktəbinə yeni musiqi alətlərinin verilməsi, Qusar Dövlət Rəsm Qalereyasının nəzdində satış köşkünün açılması, işlə təmin olunma barədə olub.

Siyəzən sakinləri rayon Mərkəzi kitabxanasının fonduna neft sənayesinə aid kitabların verilməsi, rəsm qalereyasının yaradılması və digər məsələlərlə bağlı xahişlərini bildiriblər.

Şabran sakinləri Tarix-diyarşünaslıq muzeyinin ekspozisiyasının yenidən qurulması, xalq kollektivlərinin xarici ölkələrə səfərinin təşkili ilə bağlı nazirə müraciət ediblər.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.


SON XƏBƏRLƏR