“İnterneti uşaqlarımız üçün təhlükəsiz edək” - “Azercell" yeni proqram reallaşdırır

img

25-09-2018 [12:20]


 "Azercell Telecom” MMC Azərbaycanda "Təhlükəsiz internet və vətəndaş təhlükəsizliyi” adlı təlim proqramının reallaşdırılmasına başlayır.

Mia.az xəbər verir ki, "İnterneti uşaqlarımız üçün təhlükəsiz edək” şüarı ilə icra olunacaq bu əhəmiyyətli proqramın bu gün təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən "Azercell”in prezidenti Vahid Mürsəliyev bildirib ki, ötən il rəhbərlik etdiyi şirkət internet təhlükəsizliyi ilə bağlı pilot layihəyə başlayıb: "Rəqəmsal vətəndaşlıq hər bir şəxsin mobil telefondan yararlanmasıdır. Ciddi nəzərə alınmalı məsələ budur ki, hər bir doğulan uşaq rəqəmsal məkanda dünyaya gəlir. Biz elə etməliyik ki, gənc nəsil rəqəmsal dünyadan gələn təhlükələrdən qoruyaq. Biz bu istiqamətdə bir sıra məktəblərdə təlimlər keçdik. Təbii ki, bununla məhdudlaşmaq istəmirik. "Azercell” cəmiyyət qarşısında sosial məsuliyyətini dərk edir. Maarifləndirmə işi çox önəmlidir. Artıq dövlətlər internetdən gələn təhlükənin qarşısını almaq üçün addımlar atırlar", - deyə o qeyd edib.

V.Mürsəliyevin sözlərinə görə, 2018-2019-cu tədris ili çərçivəsində paytaxt və region məktəblərində şagirdlər, valideynlər və müəllimlər üçün təlimlər təşkil olunacaq: "Təlimlər sürətli internetin və internetdən istifadə arealının genişlənməsi nəticəsində şagirdlərin üzləşə biləcəkləri çətinlikləri müəyyənləşdirmək, həmin təhlükələri aradan qaldırmaq üçün şagirdlər, valideynlər və uşaqlarla kompleks işin təşkilini əhatə edir. "Azercell” öz fəaliyyətində daim uşaqların müdafiəsinə önəm verdiyindən, məmnuniyyətlə bu aksiyanın təşəbbüskarı və təlimlərin sifarişçisi qismində çıxış edir”.

Tədbirdə Təhsil Nazirliyinin təhsilin inkişafı proqramının sektor müavini Vidadi Bağırov "Azercell” tərəfindən icra olunan layihənin böyük əhəmiyyət daşıması, internetdə uşaqların təhlükəsizliyinin təmin olunmasının vacibliyi barədə danışıb. O, "Azercell”in bu addımını alqışladığını bəyan edib.

Təqdimatda həmçinin "Müəllim İnkişafı Mərkəzi”nin nümayəndəsi İlkin Həsənov qeyd edib ki, təlimlərdə şagirdlərə internetdə olan təhlükələr haqqında nəzəri və praktiki biliklər veriləcək. Həmçinin, qrup məşğələləri sayəsində zərərlərdən kənarlaşma mexanizmi və vərdişləri tədris olunacaq.

Mərasimdə "Müəllim İnkişafı Mərkəzi”nin direktoru Gream Pollakın müraciəti də səsləndirilb. Çıxışlardan sonra əvvəlki təlimlər zamanı çəkilmiş görüntülərdən ibarət video çarx, internet təhlükəsizliyinə dair Bakı şəhər sakinlərinin düşüncələrini əks etdirən video sorğu nümayiş etdirilib. Təqdimat mərasimi mövzu ilə bağlı animasiya filminin nümayişi ilə yekunlaşıb.

Qeyd edək ki, ötən il "Azercell” Bakı məktəblərində şagirdlər, müəllimlər və valideynlər üçün kiber-təhlükəsizlik mövzusunda təlimlər keçirib. Bir neçə orta məktəbdə "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlərdə şagirdlərin internetdən təhlükəsiz istifadəsi üçün praktik məsləhətlər, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları kimi çox önəmli məsələlərə toxunulub. Bundan əvvəl isə internetdə təhlükəsizliyin qorunmasına yönələn "Universal Müdafiə”, "Android üçün müdafiə” və "Valideyn nəzarəti” xidmətlərinin yer aldığı "Azercell Plus Təhlükəsizlik” proqramı istifadəyə verilib. "Kasperski laboratoriyası" ilə birgə reallaşdırılan layihə çərçivəsində istifadəçilərə təqdim olunan bu xidmətlər vasitəsilə istifadəçilər həm özlərinin, həm də uşaqlarının təhlükəsizliyini, həmçinin sosial şəbəkələrdə ünsiyyətin məxfiliyini təmin edə bilirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR