Şriftin ölçüsü / 465 dəfə oxunub

Quttereşin Paşinyana heyranlığından törəyən müharibə...

24 Sentyabr 2018 [20:13]
Zahid ORUC, 
Millət vəkili

***

Xəbər lentlərində BMT ilə bağlı xəbərlərin statistik mahiyyət dağıdığı hər kəsə bəllidir və artıq on illərdir ki, heç bir xüsusi maraq doğurmur. Sovetlər birliyinin çöküşündən sonra yaranan münaqişələrin qarşısını almaqda aciz qalan bir qurumun illik sessiya və baş məclisləri dünya dövlətlərinin başçılarının əzələ nümayişinə çevrildiyindən bir-birini əvəzləyən Baş katiblərin adları da çoxlarına bəlli deyil.

Məhz bu səbəbdən dünyada nüfuzlu liderlər sırasında müxtəlif dövlət başçılarının isinləri dominantlıq edir və yer kürəsində sülhə, təhlükəsizliyə cavabdehlik daşıyan bir təşkilatın rəhbərləri isə həmin reytinq şkalalarından kənarda qalır, bəzən sonuncu yerə belə layiq görülmürlər.Təkcə bu fakt Afrikadan Asiyaya, Avropadan Amerika qitəsinə qədər uzanan böyük bir məkanda baş verən qanlı toqquşmaların, dini və irqi savaşların, humanitar fəlakətlərin qarşısını nədən almağın mümkün olmadığını hər kəsə əyan edir.

Belə bir şəraitdə, BMT-nin 73-cü sessiyası günlər sonra işə başlayacaq və gözləmək olardı ki, nəhəng informasiya kanallarının obyektivinin Nyu-Yorka yönəlməsini nəzərə alan Baş katib Antonio Quttereş rəhbərlik etdiyi qurumun məsuliyyətini dərindən dərk edərək, həll olunmamış konfliktlərə diqqət çəkəcək, keçmişdə qəbul olunan qərar və qətnamələri təkrar müzakirələrə çıxarmaq üçün cəsarətli təşəbbüslərdə bulunacaqdır.Amma təəssüf, heç olmasa katolik dünyasının lideri papa Fransisk qədər sülhün və ədalətin elçisi olmağı ağlına, kürəyinə sığışdırmayan bir adam oturub virtual şəbəkələrdə Ermənistandakı son inqilabı tərənnüm etməyə girişib.

Görün, özünün facebook səhifəsində Baş katib nə yazır: ”bu yaxınlarda biz Ermənistanda hakimiyyətin dinc ötürülməsinin şahidi olduq.Bu fantastik nümunə sübut edir ki, gənc nəsil bizdən daha yaxşı qərar qəbul etmək imkanlarına malikdir”.Bəli, qənaətlərinizdə haqılısınız, regional hadisələri izləyən qərbli politoloqların Rusiya əleyhinə istənilən çevrilişə verdikləri qiymətdən o qədər də fərqlənməyən bir mövqeyin şahidiyik.Sən demə, yaşlı adamlar mühafizəkardılar, hakimiyyəti ayaqlar altına atmaqda çox ehtiyatlıdılar, o üzdən gənclərin hərəsinə bir Molotov kokteyli verib meydanlara səsləmək BMT rəhbərinin əsas dünyəvi missiyasıdır.Əslində heç bir əlahiddə səlahiyyətə malik olmayan və ABŞ prezidentinin mətbuat xidmətinin təmsilçiləri kimi davranan bir şəxsdən başqa nəyi gözələmək olar ki? Xanım Klintonun Vikiliks qovluqlarından boylanan zəhmli və qəddar şifrəli əmrlərini burada xatırlamaq indi yerinə düşər.Pan Gi Munun bütün hərəkətlərinə nəzarət elə bir səviyyədə çatdırılmışdı ki, Corc Oruelin məşhur əsərindəki "böyük televizor” bunun yanında yumşaq diktatura hadisəsidir.

Halbuki Paşinyanı o kürsüdə əməlli-başlı linç etmək olardı.Onun sələfi Serj Sarkisyanı bircə dəfə sorğuya çəkməyən bir təşkilatın sədarətində və salonunda ədalətin təntənəsini gözləmək gerçəkdən də sadəlövlükdür.Quttereşin Paşinyana heyranlığı təkcə küçə üsyanlarına dəstək deyil, eləcə də təkcə Azərbaycanla bağlı qəbul edilmiş 4 qətnamənin makulaturaya çevrildiyinin göstəricisidir.O üzdən Nyu-Yorkun baş binasını "yerinə yetirilməyən qərarların qəbristanlığı” adalandıranlar tam haqlıdılar.

Təsəvvür edirsizmi, dünyada Liviya xalqının və Suriyadakı müharibənin qurbanları hələ də BMT-dən, yaxud, 2-ci dünya savaşından sonra formalaşan 5 dövlətin monopol siyasi hökmranlığından imdad gözləyir, hər növbəti kütləvi qırğından sonra Unated Nation abreviaturası ilə gələn maşınların payladığı UN və digər humanitar yardımları qəbul edərək sabahkı döyüşlərə bir qədər güc toplayırlar.

Bəli, Quttereşin erməni baş nazirinə heyranlığı ona Qarabağdakı səngəri, demokrat Paşinyanın öz övladını siyasi kapital yığımı naminə cəbhə xəttinə göndərməsini görməyə imkan vermir. Əgər BMT Amerikadan və yerdə qalan 4 dövlətdən güclü olsaydı, onda Ermənistan rəhbərləri Nyu-Yorka yaxın buraxılmaz, liberal və bolşevik olmasından asılı olmayaraq, işğalçılıq mahiyyətini dəyişməyən hakimiyyətlər mühakimə edilərdi.

İndi təsəvvür edin ki, sabah Qafqazlarda müharibə təzədən alovlanır və BMT-nin yanğınsöndürənləri gəlib iki xalqı sakitləşdirməyə çalışır, onda Quttereş indiki heyranlıq hissini hansı qərarla əvəzləyəcək?

Yəqin deyəcəksiz ki, yeni qətnamələr qəbul olunacaq və Antonionun "nümunəvi inqilabçı” adlandırdığı erməni baş nazirin Qarabağ dağlarındakı hərbi cinayətlərini demokratiyanın ayağına yazmaqdan başqa əlacları qalmayacaq.

Halbuki Saakaşvilinin ayaqqabısını geyib onun heç ayaq tozu da ola bilməyən birisini qarşıdakı günlərdə Amerikadan haqq bağırdığını görəndə, düşünün ki, onu həmin tribunaya itələyənlərə sülhdən daha çox müharibə lazımdır.

Fərq etməz, Rusiyanın, Türkiyənin, İranın, yaxud Azərbaycanın əleyhinə..


Digər Xəbərlər

SON XƏBƏRLƏR