İqtisad Universitetindən işdən çıxarılan müəllimə: "Körpə nəvəmin yeməyinə pul tapa bilmirik..."

img

24-09-2018 [15:09]


Azərbaycan Dövlət İqtisad Universitetinin Rus dili kafedrasının işdən azad edilmiş müəllimi Zərifə Mansurova ADİU-dan haqsız olaraq, qərəzli şəkildə işdən çıxarılması ilə bağlı məhkəməyə müraciət edib. 

Lakin çox təəssüflər olsun ki, hüquqlarını müdafiə edəcək vəkil ondan 1000 manat pul alsa da, iddia ərizəsini məhkəməyə vaxtında təqdim etməməsi səbəbindən Səbail rayon Məhkəməsinin hakimi 30 ildən çox pedoqoji fəaliyyətlə məşğul olan müəllimənin iddiasını iddia müddətini ötürməsi bəhanəsi ilə rədd edib. 

Zərifə xanım həmin qətnamədən apellyasiya şikayəti verib. 

İş materialları Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışinskinin icraatındadır, növbəti məhkəmə 2 oktyabr 2018-ci il tarixinə təyin edilib. Hakim iki dəfədir ADİU-nun nümayəndəsinə təklif edib ki, bu xanımın şikayəti əsaslıdır, orta məxrəcə gəlin, ailəsini aldığı maaşla dolandırıb, heç bir qüsuru yoxdur, "Differensial əmək haqqı” alan müəllimlərə 3-5 min manat verməyinizə söz yox, bu rektorun işidir. Amma bu xanım da yazıqdır, ona 300-400 manatlıq bir iş verin, məhkəmədə göz yaşı tökməsin, ədaləti itirməyin və s. Və hakim rektor Ədalət Muradovun nümayəndəsinə onu da təklif edib ki, Zərifə Mansurovanı rektorla görüşdürsün, yəqinki professor Ədalət Muradov ədalətli addım atar.

Lakin bu günə kimi Zərifə Mansurova rektorun qəbuluna düşə bilmir. Odur ki, Zərifə Mansurova KİV vasitəsilə rektor Ədalət Muradova müraciət etməli olub. 

"Təzadlar”a zəng edərək müraciətinin dərcini xahiş edən Z.Mansurovanın müraciətində deyilir: 

"Çox hörmətli Ədalət müəllim!

 Mən Sizə yazdığım ərizələrimdə və əlavə olunmuş sənədlərdə də göstərmişəm ki, işdən əsassız olaraq çıxarılmışam. Tədbir görülmədiyindən məhkəməyə müraciət etmişəm.

Hörmətli Ədalət müəllim, hakim də təklif edib ki, mən Sizinlə görüşüm və əsil həqiqəti diqqətinizə çatdırım. Lakin köməkçiniz mənə hər dəfə deyir ki, rektora yaxın düşə bilmirəm, yaxud ona elə söz deyə bilmərəm. Axı insanlar cənab Prezidentə sözünü deyə, ünsiyyət saxlaya bilirlər. Köməkçi ondan ötrüdür ki, müraciətləri Sizə çatdırsın. O, Sizinlə görüşə bilmirsə, necə köməkçidir?

Ədalət müəllim, mənim himayəmda nəvəm və qızım, yaşlı anam var. Neçə aydır ki, ailəmiz anamın pensiyası ilə dolanır, körpə nəvəmin yeməyinə belə pul tapa bilmirik. Borc içindəyik. İşlədiyim kafedranın müdiri Sizə nə deyib bilmirəm, amma mən əməyimin əvəzində yalnız maaş almışam. Bu gün məni və ailəmi çörəklə imtahana çəkmək ədalətsizlikdir, insafsızlıqdır. Dünyanın malı dünyada qalandır, Allah da götürməz ki, mən hər gün uşaq yeməyi istəyən körpə nəvəmin üzünə baxa bilmirəm. Mən ona necə deyim ki, əziz nəvəm, sənin bu vəziyyətə düşməyinin səbəbkarı elmlər doktoru, professor, rektor Ədalət Muradovdur?! O bunu yalnız böyüyəndə başa düşə bilər. Onda isə bəlkə də heç birimiz həyatda olmayacağıq. Amma çəkdiyim mənəvi əzablara görə mən yox, bu əzabları ailəmizə çəkdirənlər qınanacaq, günahkar onlar olacaq.

Bir daha xahiş edirəm, məni qəbul edin, son sözünüzü deyin, mənim işdən getməyim Dövlət İqtisad Universitetinin tərəqqisinə xidmət edəcəksə, məmuniyyətlə gedəcəyəm. Qoy bu universitet Elşən Bağırzadələrin gümanına qalsın.

Allahın amanında olasınız! Və Allah adildir, hər şeyi görür və qiymətini verir...”/Tezadlar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq