Şriftin ölçüsü / 231 dəfə oxunub

Azərbaycanda pambığın qiyməti 50 manat qalxdı

20 Sentyabr 2018 [11:03]

Prezident İlham Əliyevin tapşırığı ilə əsasən pambıq istehsalı ilə məşğul olan fermerlərin məhsul istehsalına həvəsləndirilməsi, onların maddi rifahının daha da yaxşılaşdırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin məsul işçilərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan şirkət rəhbərləri ilə görüş keçirilib.

Mia.az KTN-nə istinadən xəbər verir ki, görüşdə cari ildə görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib.

Pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 50 manat artırılmasına qərar verilib.

Yəni 1-ci növ pambığın alış qiyməti 600 manatdan 650 manata, 2-ci növ 580 manatdan 630 manata, 3-cü növ 540 manatdan 590 manata, 4-cü növ 500 manatdan 550 manata qaldırılıb.

Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması pambıq istehsalı ilə məşğul olan fermerlərin əlavə olaraq 12 milyon manatdan çox qazanc əldə etməsi gözlənilir.




SON XƏBƏRLƏR