İcra Hakimiyyətindən "Torqovaya” ilə bağlı xəbərə reaksiya: "Bir-biri ilə rəqabət aparan obyekt sahibləri də..."

img

18-09-2018 [11:40]


"Son illərdə ölkəmizin və paytaxt Bakı şəhərinin tarixi abidələri, gəzməli yerləri, istirahət guşələri ilə tanış olmağa gələn turistlərin sayında çox böyük artımlar vardır. Azərbaycandakı əmin-amanlıq, tolerantlıq mühiti, həmçinin genişlənməkdə və təkmilləşməkdə olan turizm şəbəkəsi, turistlərin yüksək səviyyəli servislə təminatında bir sıra işlər görülüb. Bu da yeni-yeni iş yerlərinin açılması və da çox insanın işlə təminatına, sahibkarlığın inkişafına, turizmlə əlaqəli olan digər sahələrin də genişlənməsinə şərait yaradır. Belə ticarət və iaşə obyektləri paytaxtın mərkəzində, hamının "Torqovaya” adlandırdığı Nizami küçəsində çoxluq təşkil edir. Ancaq piyadalar üçün nəzərdə tutulan bu küçədə mövcud ticarət də Avropa ölkələrində olduğu kimi təşkil olunur. Çoxsaylı kafe və digər iaşə obyektlərinin qarşısında səyyari xidmətin təşkili, küçədə turistlər üçün stulların qoyulması xaricdə adi hal sayılır".

Bu sözləri Mia.az-a açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, paytaxtda aparılan işlər heç də dərhal öz həllini tapmır, yeni strukturun yaradılması, dəyişikliklərin baş verməsi bir sıra şəxsləri qıcıqlandırır, görülən işlərə kölgə salmağa cəhdlər edilir:

"Belə ki, bəzi elektron KİV-lərdə Nizami küçəsi ilə bağlı arabir məqsədli şəkildə mənfi fikir doğuran yazılar yerləşdirilir. Buna həm də bir-biri ilə rəqabət aparan obyektlərin sahibləri də təhrik edirlər".

İcra Hakimiyyəti rəsmisi bildirib ki, Nizami küçəsi və digər mərkəz ərazilərdə səyyar ticarətə icazə verilməsi Rayon İcra Hakimiyyətlərinin deyil, şəhərin Ticarət Departamentinin səlahiyyətlərinə aiddir:

"Obyektlərə bu qurum tərəfindən nəzarət olunur və hər hansı pozuntulara yol verilməsi hallarının qarşısı alınır. Burada qeyd olunmalıdır ki, Nizami küçəsindəki mövcud sıxlıq Avropanın ən çox turist qəbul edən şəhərləri ilə müqayisədə xeyli azdır.

Gələcəkdə də bu istiqamətdəki işlər dünya praktikasına uyğun, sivil qaydada aparılacaq, ölkəyə, paytaxtımıza daha çox turist cəlb etməklə qeyri-neft sektorunun inkişafına, bununla da yeni iş yerlərinin açılması və ictimai-iaşə və ticarət sektorunda müsbət dəyişikliklərə nail olunmağa səy göstəriləcəkdir".



Digər xəbərlər
SON XƏBƏRLƏR