"1918-ci il 15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının zəfər günüdür" - YAP Siyasi Şurasının üzvü

img

11-09-2018 [18:47]


Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət”, Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” tezisləri tarixin sınaqlarından çıxmış, bütün dövrlər üçün öz aktuallığını qoruyub saxlamışdır. Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının zəfər günü kimi dəyərləndirilən 1918-ci il 15 sentyabr tarixindən ötən 100 illik yol bu birliyə, həmrəyliyə bir daha işıq salmaqla yanaşı, onun sarsılmazlığını, əbədiliyini dünyaya nümayiş etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda dövlətimizin başçısı İlham Əliyev Bakının azad olunmasını belə xarakterizə etmişdir: "Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarmışdır”.

Bu fikirləri Mia.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə qeyd edib ki, Türkiyə-Azərbaycan birliyinin çoxəsrlik tarixində yaddaqalan məqamlardan biri kimi 15 sentyabr 1918-ci il Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik əsarətindən xilas etdiyi gündür. Məhz həmin tarixdə erməni soyqırımına məruz qalan azərbaycanlıları qaniçən Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik quldur dəstələrindən xilas edən Qafqaz İslam Ordusunun əsgərləri, sözün əsl mənasında, azərbaycanlı qardaşlarına kömək oldular. Onlar Bakının işgalçılardan azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verdilər.

Baş redaktor qeyd edib ki, bu gün erməni vəhşiliklərinin nümunəsi olan Quba məzarlığı daşnakların azərbaycanlılara və yəhudilərə qarşı törətdikləri qətliamlar nəticəsində yaranan yüzlərlə məzarlıqdan biridir. Bəşər tarixinə insan qatili, soyqırımı müəllifləri kimi daxil olan ermənilər daşnak ideologiyasının qanla yoğrulduğunu həmin hadisələr zamanı bir daha təsdiqlədilər. 1915-ci ildə rus-ingilis-fransız qoşunlarının Türkiyəyə hərbi müdaxiləsi zamanı türklərə xəyanətləri üzündən deportasiya olunan ermənilərə qarşı guya soyqırımı törədildiyini iddia edən ermənilər 1918-ci ildə Azərbaycanda, sözün əsl mənasında, dəhşətli soyqırımı həyata keçirməklə öz qəddarlıqlarını bir daha təkrarladılar. Həmin dövrdə ermənilər Bakıda, həmçinin ölkənin digər bölgələrində azərbaycanlılara qarşı soyqırımı həyata keçirdilər. Naxçıvanda, Zəngəzur, İrəvan mahallarında, Qubada, Neftçalada, Zaqatalada, Şuşada, Dağlıq Qarabağda on minlərlə günahsız insan erməni vəhşiliyinin qurbanı oldu. Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan soydaşlarımıza dəstək göstərən, bolşeviklərin və erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının qarşısını alan, Nuru paşanın komandanlığı altında olan Qafqaz İslam Ordusunun qəhrəmanlığının nümayişi olan 15 sentyabr zəfər günü türk birliyinin, qardaşlığının nümunəsi oldu. Qafqaz İslam Ordusu düşmən əlində olan Bakını və digər yaşayış məntəqələrini işğalçılardan azad etdi.

V.Rəhimzadə onu da vurğulayıb ki, Şəhidlər xiyabanında yerləşən, 1918-ci ildə həlak olmuş türk əsgərlərinin xatirəsinə əbədi hörmət rəmzi olan abidə hər bir azərbaycanlı üçün müqəddəs məkandır. Təsadüfi deyil ki, belə qardaşlıq telləri ilə bağlanan, illərin sınağından keçən Türkiyə-Azərbaycan dostluğu bu gün dünyada bənzəri olmayan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası birliyinin əsasını qoymuş Mustafa Kamal Atatürk-Heydər Əliyev ideyalarına sadiqlik Türkiyə-Azərbaycan qardaşlığını və dostluğunu daha da möhkəmləndirir. Yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə səy göstərən, Azərbaycanla qardaşlıq siyasətinə sadiq olan Türkiyə beynəlxalq səviyyələrdə aparılan müzakirə və danışıqlarda ölkəmizin mövqeyini dəstəkləyir. Türkiyə-Azərbaycan qardaşlığının təzahürü kimi dəyərləndirilən TANAP-ın istifadəyə verilməsi mərasimində dövlətimizin başçısı İlham Əliyevin "Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir” fikirləri bir daha bu birliyin, həmrəyliyin sarsılmazlığının nümayişidir. Bu birlik regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Hər iki dövlətin siyasi iradəsi əsasında reallaşan layihələr nəinki iştirakçı, eyni zamanda, dünya dövlətlərinin davamlı iqtisadi inkişafına, enerji təhlükəsizliyinin təminatına böyük töhfədir. Bu günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti də Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına bir daha işıq saldı. Prezident İlham Əliyev bu əminliyi ifadə edir ki, birgə səylərimizlə Azərbaycan-Türkiyə müttəfiqliyi və qardaşlığı bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR