Azercell-in Barama mərkəzində 25 məktəbliyə pulsuz proqramlaşdırma dərsləri keçirilib

img

31-08-2018 [16:29]


"Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin uşaqlarda rəqəmsal sahəyə marağı artırmaq və rəqəmsal ekosistemin inkişafına dəstək olmaq məqsədi ilə həyata keçirdiyi "Barama Junior: Coding Kids IT Summer School” layihəsi uğurla yekunlaşıb. 

31 avqustda dərslərdə iştirak edən məktəblilərin, o cümlədən, valideynlərin, müəllimlərin və qonaqların iştirakı ilə layihənin başa çatmasına həsr olunan xüsusi tədbir keçirilib. Barama Mərkəzinin koordinatoru Fidan Tofidi layihənin hər kəs tərəfindən maraqla qarşılanmasını və təlimdə iştirak üçün müraciət sayının çoxluğunu sevindirdirici hal kimi qiymətləndirib: "İlk 8 gün ərzində 300-dən çox məktəbli layihədə iştirak üçün qeydiyyatdan keçdi. 

"Barama Junior: Coding Kids IT Summer School” layihəsinə başlayan zaman bizim bir məqsədimiz var idi: gələcəyimiz olan uşaqlara faydalı olmaq. Ümid edirəm, bu məqsədimizə nail olduq”- deyən mərkəzin koordinatoru, aparılan seçimlər nəticəsində 25 məktəblinin proqramda iştirak etdiyini bildirib.

Tədbirdə təlimin iştirakçısı olan məktəblilər və valideynlər də layihə ilə bağlı öz təəssüratlarını bölüşüblər. Mərasimin sonunda məktəblilərə sertifikat və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, "Coding Kids – IT Summer School” layihəsi məktəblilərə kompüter və telefonların oyun və əyləncədən əlavə, daha faydalı imkanlarını izah etmək, onların proqramlaşdırma sahəsinə olan marağını real və praktiki biliyə çevirmək üçün həyata keçirilib. 9-15 yaşlı məktəblilər üçün reallaşan layihə çərçivəsində iştirakçılara 4 həftə ərzində Python proqramlaşdırma dili, Raspberry Pi mikrokompüteri və HTML texnologiyası tədris edilib. Kursun sonunda məktəblilər əldə etdikləri bilikləri təcrübədə tətbiq edərək, saxsı bitkilər üçün avtomatik sulama cihazını hazırlayaraq proqramlaşdırıblar. İnteraktiv tədris metodları əsasında keçirilən dərslər "Coding Club Kids” şirkətinin Python və mobil app instruktoru, Bakı Mühəndislik Universitetinin İKT laboratoriyasının proqramçısı Tural Əhmədov və "Coding Club Kids” şirkətinin veb-dizayn instruktoru, Bakı Mühəndislik Universitetinin İKT laboratoriyasının idarə heyətinin üzvü, araşdırmaçı və proqramçısı Tural Sadıqov tərəfindən aparılıb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Digər xəbərlər
SON XƏBƏRLƏR