Şriftin ölçüsü / 130 dəfə oxunub

"Həddindən artıq soyuqqanlı olaraq öz oyunumuzu oynamalıyıq” - Qurban Qurbanov

29 Avqust 2018 [19:33]
"Bu mərhələdə son oyunumuzdur. Çox yaxşı müdafiə olunmağı bacaran, hücumlar təşkil edə bilən rəqibə qarşı oynayırıq. Həddindən artıq soyuqqanlı olaraq öz oyunumuzu oynamalıyıq”.

Bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Moldovanın "Şerif” komandası ilə Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl deyib.

46 yaşlı mütəxəssis "Azərsun Arena”da təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb:

- Zubirin durumu nə yerdədir?

- Onunla bağlı sabah qərar veriləcək. Nisbətən yaxşılaşıb.

- Komandanın hücum potensialı sabah qol vurmağa imkan verəcək?

- Qol vurmaq lazımdır. Bunun üçün hücumda aktiv olacağıq. Bunun üzərində çalışmışıq.

- İstər "Kukesi”, istərsə də BATE ilə matçlarda "Qarabağ” qol vurmaq məcburiyyətində qalanda futbolçularda həyəcan hiss olunur...

- Həyəcan ildən-ilə çoxalır. Komanda uğur qazanırsa, ondan daha artığı gözlənilir. Nəticə verən komandalara rəqiblər daha ciddi hazırlaşırlar. Futbolçular üçün asan deyil. Bu, normal haldır. Həyəcanı olmayan insan yoxdur. Təzyiq varsa, bu da olacaq. Məğlub olmağı deyil, qalib gəlməyi düşünürük.

- Oyuna cəmi 13 min bilet satılıb. Azarkeşlərə ismarıcınız var?

- Azarkeşlər heç vaxt bizi tək qoymayıblar. Cəmi 13 min olacağını düşünmürəm.

- Millinin toplanışını "Qarabağ”ın oyunundan sonraya salmaq olmazdı?

- Narahat olacaq bir şey yoxdur. Hər şey nəzarətimizdədir. Bütün futbolçular gəldikdən sonra istədiyimiz kimi hazırlaşacağıq.

- Filip Ozobiç Azərbaycan çempionatında yaxşı oynasa da, avrokuboklarda eyni keyfiyyəti görmürük. Bu barədə nə düşünürsünüz?

- Tam fərqli turnirlərdir. Tək Ozobiçin deyil, başqa futbolçuların da problemləri oldu. Amma hamısı oyundan-oyuna daha yaxşı çıxış edəcəklər.

- Bilet satışının zəif olması tribunalarda bəzi polsilərin azarkeşlərlə düzgün rəftar etməməsi ilə bağlı ola bilər?

- Hər yerdə azarkeşlərlə polis arasında problem olur. Diləyimiz odur ki, olmasın. Bilet satışının hələlik zəif olmasının bununla bağlı olduğunu düşünmürəm.

- Rəşad Sadıqovun səhvləri öz yerində, Maksim Medvedev və Bədavi Hüseynov da əvvəlki illərlə müqayisədə zəif təsir bağışlayırlar. Müdafiə xəttində dəyişiklik gözlənilir?

- Oyunçu dəyişikliyi yox, oyunda dəyişiklik olacağını düşünürəm. Məğlub olanda bu cür fikirlər çoxalır. Bu klubun uğurlarında ən böyük pay sahiblərindən biri Rəşad Sadıqovdur. Digərlərinin səhvlərinin də onun kölgəsində qaldığını düşünmürəm.

- Araz Abdullayev hazırda "Qarabağ”ın məşqlərində iştirak edir. Onun komandanıza keçidi mümkündür?

- Arazın klublarla problemi, müqaviləsi var. Bununla maraqlanmağa başlamışıq. Çalışırıq ki, problemi həll edək. Müqaviləsi olan klublarla razılaşa bilsək, Arazla da danışığa gedəcəyik.

- Rəşad Sadıqovu start heyətində görəcəyik?

- İnşallah, görəcəyik.

- "Şerif”lə oyunun nəticəsinin yığmadakı ab-havaya təsir edəcəyini düşünürsünüz?

- İnandırıcı deyil. Fərqli turnirlərdir. "Qarabağ”ın matçları millinin oyunlarına mane olmamalıdır. Hər komandanın öz məsuliyyəti, fərqli rəqibləri var/Report.


SON XƏBƏRLƏR