Dünyada hər bir dəqiqədə orta hesabda 20 uşaq İİV-ə yoluхur

img

19-08-2018 [14:11]


Yeniyetmələr arasında İİV virusuna (insanın immunçatışmazlıgı virusu) yoluxma hallarını minimuma endirmək üçün onların davranış mədəniyyəti diqqətlə öyrənilməlidir: çünki məhz bu dövrdə davranışlar formalaşır və onların diqqətlə yönəldilməsi vacibdir.

İstənilən inzibati tərbiyə üsulu bu yaşdakı yeniyetmələr üçün faydasızdır: ələlxüsus, məktəblərdə müəllim-şagird münasibətlərindəki amiranəliyi və "böyük-kiçik” pərdəsini nəzərə alsaq, məktəbin təkbaşına bizim tələblərə uygun olmadıgını etiraf edəcəyik. 

Bu halda, valideyn münasibətləri "ortaya” girməlidir ki, nəticədə məşhur "məktəb-şagird-valideyn” üçlüyü yaranır. Düzdür, bəzi ailələrdə də avtoritar rejimlərin hökm sürdüyünü, valideynlərlə övladlar arasında "böyük-kiçik” münasibətlərinin daha qabarıq oldugunu deyənlər ola bilər. Amma ailənin üstünlüyü ondadır ki, əgər ata-ana ilə uşaq arasında açıq söhbət imkanı yoxdusa, yeniyetmələr ailədəki başqa böyüklərin - əmi, dayı, bibi müsbət təsirindən faydalana bilər.

Bu dövrəni baglayan üçüncü tərəf ictimaiyyətdir ki, hazırda məhz ictimai təşkilatların dəstəyi ilə bütün tərəflərin qarşılıqlı fəaliyyətini təmin etmək və maraqların müzakirəsini qurmaq mümkündür.
İlk əvvəl ondan başlayaq ki, İİV-lə baglı informasiyanın məktəb tərəfindən verildiyi halda, istənilən nəticənin əldə edilməməsinin səbəbləri nədir? Əslində, 10 il bundan əvvəl ilə müqayisə etdikdə, indi məktəblərdə mövzu daha açıqdır. Daha İİV-dən sual verəndə müəllimlər "ayıb şeylərdən” danışma” - təpkisini vermir. Buna baxmayaraq, yeniyetmənin davranış mədəniyyətinin formalaşması prosesi üçün lazım olan əsas mesajları verməkdə məktəb bir qayda olaraq, ifadələrin seçilməsinə və üstüörtülü danışıqlara üstünlük verir. Halbuki, İİV-lə baglı maarifləndirmə elə bir mövzudur ki,  burada "cinsi əlaqə”, "seksual münasibət” "cinsi partnyorlar” ifadələrindən istifadə etmədən olmaz. Problem tam açılmalı və informasiya çılpaq çatdırılmalıdır. Üstüötrülü ifadələrin bir neçə yozumu ola bilər və yeniyetmə, öz başını bu ifadələri yozmaqla çox yormayacaq. O, sadəcə, informasiyanın yanından keçəcək. Bu yolla biz hədəfə çata bilmərik.

Yeniyetmələr üçün bu həssas dönəmdə ən təsirli üsul onların üzərinə "öhdəçilik”, yəni məsuliyyət qoymaqdır. Bu yaşda qəhrəmanlıq etmək, özünütəsdiq və s. bu kimi eyforik hisslər yaşayan uşaqlarımıza həm də "başqalarının saglamlıgı səndən asılı ola bilər” kimi bir "vəzifə”ni də həvalə etsək, pis olmazmı? Ekspertlər hesab edir ki, yeniyetmələr üçün ən yaxşı seksual tərbiyə onları cinsi partnyorların saglamıgını qorumaq kimi bir düşüncə tərzini yarada bilməkdir: "prezervativ istifadə etmədən saglam insanların həyatını təhlükəyə ata bilərsən” – kimi ifadə ən azından "o nə deməkdir ki” – sualını doguracaq. Bundan sonra asandı. Başqasının həyatı üçün narahatlıq keçirməyə vərdiş edilən insan özünü də "yaddan” çıxarmayacaq. 

UNİCEF-in məlumatına görə, yeniyetmələr və uşaqlar arasında İİV-in yayılması son 15 il   ərzində sürətlə artıb. Bunu qeyd olunan qrupun informasiyaya çıхışının zəif olması və profilaktikadan kənarda qalması ilə izah edirlər.  Hazırda İİV virusu 10-16 yaşında olan uşaqlar arasında baş verən ölüm hallarının əsas səbəbi olaraq qalır. Dünyada hər bir dəqiqədə orta hesabda 20 uşaq İİV-ə yoluхur. Onların arasında ən acınacaqlı statistika (65%) qız uşaqlarının «pay»ına düşür. 

Orxan Əzizov, 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində hazırlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR