Jurnalist Aqil Ələsgər saxlanılıb - Əflatun Amaşov açıqladı

img

01-08-2018 [09:08]


"Yenicag.az" saytının baş redaktoru Aqil Ələsgər Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Mia.az xəbər verir ki, bunu sosial şəbəkəsində Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov yazıb.

O, bildirib ki, iş gününün sonuna yaxın baş redaktorun yaxınları ondan xəbər ala bilməmələri ilə bağlı Mətbuat Şurasına müraciət ediblər. Müraciət araşdırılıb və Aqil Ələsgərin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanıldığı məlum olub.

Ə. Amaşov qeyd edib ki, iş günü başa çatdığından məsul şəxslərlə əlaqə yarada bilməyib. O, bu gün Mətbuat Şurası adından DİN-ə müraciət edilərək, jurnalistin saxlanma səbəbinin aydınlaşdırılacağını qeyd edib: "Aqil Ələsgərlə bağlı məsələnin ədalətli, qanunlarımız çərçivəsində həlli vacibdir və buna çalışacağıq".

Jurnalistin xanımı Günay Fərəcova bildirib ki, Aqillə sonuncu dəfə iyulun 30-u, saat 19-00 radələrində danışıb: "Aqillə sonuncu dəfə iyulun 30-u, saat 19:00 radələrində əlaqə saxlamışıq. Danışanda bizə dedi ki, tezliklə evə gələcək. Ancaq axşam saat 21:50-dən sonra mən və anası dəfələrlə zəng etsək də, o, nə zənglərimizə, nə də "WhatsApp” mesajlarımıza cavab verdi. Əldə etdiyim məlumata görə, Aqil sonuncu dəfə *7555 taksi xidmətindən istifadə edib. Buna görə də onun sifariş etdiyi taksinin sürücüsü ilə danışdıq və ondan öyrəndik ki, avtomobil Qala yolunda naməlum şəxslər tərəfindən saxlanılıb və Aqili özləri ilə aparıblar. Bu zaman Aqilin eynəyi də taksidə qalıb”.

Digər xəbərlər
SON XƏBƏRLƏR