"Azərbaycan mediasının səsi bütün dünya media aləmindən gəlir" - Prezidentin köməkçisi

20-07-2018 [23:11]
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün jurnalistləri təbrik edib.

Mia.az bildirir ki, Əli Həsənov çıxışında Azərbaycanın dövlətçilik tarixinə, mətbuatın yaranması və inkişafı tarixinə geniş ekskursiya etdi və maraqlı tarixi faktları diqqətə çatdırıb.

Bu ilin Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi olaraq əlamətdar il olduğunu qeyd edən Əli Həsənov dövlətçilik tariximizin yaşının daha qədim olduğunu da nümunələr xatırlamaqla bildirib.

 Prezidentin köməkçisi onu da deyib ki, Azərbaycan milli mətbuatının yaşı Xalq Cümhuriyyətimizin yaşından çoxdur. 

Maarifçi ziyalı Həsən bəy Zərdabinin o dövrün ağır şərtləri altında, Çar Rusiyasının qadağalarına rəğmən yaratdığı "Əkinçi” qəzetinin milli mətbuatımızın əsasını qoyduğunu və böyük məktəb olduğunu vurğulayan Əli Həsənov Azərbaycan aydınlarının yetişməsində və Cümhuriyyət ideyalarının yaranıb yayılmasında da bu qəzetin başlanğıc olaraq böyük xidmətlərinin olduğundan söz açıb, yeni maarifçi jurnalistlər nəslinin yetişməsində bu qəzetin müstəsna rol oynadığını qeyd edib. 

İki il ərzində fəaliyyət göstərən "Əkinçi”dən sonrakı dövrdə nəşr edilən qəzetlər haqda da danışan Əli Həsənov Cümhuriyyət dövrü, həmçinin 70 ilik Sovet dövründə Azərbaycanın mətbuatının keçdiyi yola ətraflı nəzər salıb. 

Prezidentin köməkçisi nitqində 1991-ci ildə Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən sonrakı dövrə də geniş yer ayıraraq bildirdi ki, o zamandan Azərbaycan ərazisində müstəqil media nümunələri yaranmağa başlayıb. 

Əli Həsənov vurğulayıb ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mediası üzərindən bütün dövlət tənzimləmə mexanizmlərini ləğv edən qərar qəbul olunub, senzura aradan qaldırılıb. Bununla da Azərbaycanda sərbəst media mühiti yaranıb. Əli Həsənov deyib ki, Azərbaycan milli mətbuatının yaranmasında Həsən Bəy Zərdabi nə qədər inqilabi fəaliyyət göstərmişdisə, Heydər Əliyevin 1998-ci ildə qəbul etdiyi bu qərar təxminən o qədər böyük ictimai əhəmiyyətə malik idi. 

Hakimiyyət rəsmisi prezident İlham Əliyevin mətbuata, jurnalistlərə böyük dəstəyindən də çoxlu sayda faktları sadalamaqla söz açıb, qeyd edib ki, Azərbaycan mediasının səsi bütün dünya media aləmindən gəlir. 



SON XƏBƏRLƏR