Prezident İlham Əliyev Fransa Senatının sədri ilə görüşdü - Müzakirə + FOTOLAR

img

19-07-2018 [22:58]


Prezident İlham Əliyev iyulun 19-da Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.

Mia.az xəbər verir ki, Senatın binasının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Senatın sədri Jerar Larşe qarşılayıb. Dövlət başçısı və Senatın sədri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Prezident İlham Əliyev və Senatın sədri Jerar Larşe birgə foto çəkdiriblər.

Jerar Larşe Prezident İlham Əliyevi Fransa Senatında yenidən görməkdən məmnun olduğunu deyib. O, bu cür səfərlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Senatın sədri, həmçinin Fransa ilə Azərbaycan arasında iqtisadi, siyasi, təhsil, mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıqdan danışdı, Bakıda Fransız Liseyinin, Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərdiyini xüsusi vurğulayıb. Bildirib ki, bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Prezident İlham Əliyev Fransa Senatına növbəti dəfə gəlməkdən məmnunluğunu ifadə edib. Diqqətə çatdırıb ki, bu gün Fransa ilə bütün səviyyələrdə aparılan dialoq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı bildirib ki, Azərbaycan Fransanı özünə çox yaxın tərəfdaş, dost ölkə hesab edir və Azərbaycan bundan sonra da Fransa ilə mövcud olan əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

Görüşdə vurğulayıb ki, Fransa ilə Azərbaycan arasında mövcud münasibətlər, burada aparılan müzakirələr Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanacaq Sazişə öz müsbət töhfəsini verəcək. Senatın sədri Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli Sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu deyib. Vurğulanıb ki, Fransa bu sənədin imzalanmasında çox maraqlıdır.

Görüşdə parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğu qeyd edilib, bu əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub. Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupu çərçivəsində bir çox görüşlərin, qarşılıqlı səfərlərin keçirildiyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi müzakirə olunub. Senatın sədri onu da bildirib ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir.

Sonra Prezident İlham Əliyev Senatın qızıl kitabını imzalayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR