“Zərdabi Mətbuat Mərkəzi” İB ikinci “dəyirmi masa”sını Tərtərdə keçirib - FOTO

18-07-2018 [21:35]
«Zərdabi Mətbuat Mərkəzi» İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi «Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili» layihəsi çərçivəsində ikinci «dəyirmi masa» Tərtər rayonunda keçirilib. 

Birlikdən Mia.az-a verilən məlumata görə, rayonun Heydər Əliyev Mərkəzində baş tutmuş tədbirdə dövlət və ictimai qurumların təmsilçiləri, Qarabağ müharibəsi iştirakçıları, media nümayəndələri iştirak ediblər. 

Toplantını Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov açıb. O bildirib ki, belə aktual tədbirin Tərtər kimi cəbhəyanı bölgədə keçirilməsi müsbət dəyərləndirilməlidir: "Çünki mətbu söz insanları səfərbərliyə almaq, onların yeni döyüşlərə, şücaətlərə hazır olmaları baxımından müstəsna əhəmiyyət kəsb edir. Məhz bu baxımdan rayonda media ilə sıx təmasların qurulmasına xüsusi əhəmiyyət verilir”.

"Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə öncə layihə barədə iştirakçıları məlumatlandırıb. O, may-avqust aylarını əhatə edən layihənin kerçəkləşdirilməsindən əsas məqsədinin xalqa, ictimaiyyətə, xüsusilə gənc nəslə öz qəhrəmanlarını daha yaxından tanıdılması üçün bu işin medianın mövzunu operativ və yüksək peşəkarlıqla işıqlandırmasına yardım göstərməkdən ibarət olduğunu deyib: "Vətənpərvərlik tərbiyəsi bütövlükdə respublikanın işidir. Şəhər, rayon, kəndin cəbhə xəttinə yaxınlığı, uzaqlığı elə də əhəmiyyət kəsb etmir. Aprel zəfərlərində də şahidi oldunuz ki, qəhrəmanlarımız demək olar Azərbaycanın əksər bölgələrinin təmsilçiləri idilər. Onlar öz sözlərini dedilər. Media da yazdı. Lakin jurnalistlərimiz mövzunu kampaniya kimi yox, bütün ilboyu gündəmdə saxlamalıdırlar. Qələm fasilə götürəndə Gəncədə və digər yerlərdəki rəzilliklərə imkan yaranır ki, bundan da ibrət dərsləri götürməliyik”.

R. Hüseynzadə təşkilatın məsələ ilə əlaqədar bölgə mətbuatının monitorinqini apardığını deyərək bildirib, "Yeni Tərtər” qəzetindən və onun elektron versiyası "yeniterter.com” saytından başqalarının nümunə götürə biləcəkləri cəhətlərə diqqəti çəkib. 

Layihənin eksperti, "Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə: "Milli Ordunun, qəhrəmanlarımızın, onlara tay tutulan igidlərimizin döyüş yolu barədə müxtəlif tədbirlərdə, mədəni-maarif müəssisələrində kütləvi tədbirlərin keçirilməsi təqdirə layiq haldır. Fəqət bunların geniş kütləyə çatdırılmasında, igidlik salnaməsilə tanış olmaq istəyən gələcək nəsil üçün hifz edilməsində kütləvi informasiya vasitələrinin yolu misilsizdir. Mediamızın bu sahədəki missiyasını kifayət qədər yerinə yetirməməsi təəssüf doğurur. Yazılar çox vaxt bir-birinə bənzəyir, müəlliflərinin yaradıcı dəst-xətti nəzərə çarpmır. Zənimcə bu istiqamətdə əsaslı tədbirlərin keçirilməsi zəruridir”.   

Şair-publisist Tofiq Yusifov baş redaktoru olduğu "Yeni Tərtər” qəzetinin və "yeni terter.com” saytının döyüşçülərlə, müharibə iştirakçıları ilə sıx əlaqə saxladıqlarını konkret misallarla dilə gətirib: "Bu qəbildən insanlar hər gün redaksiyaya gəlir, sağlamlığı imkan verməyənlərə özümüz baş çəkirik. Onlar "Qan iyi”, "Ölümlə üzbəüz”, "Vəhşilər”, "Tərtər şəhidləri” kitablarıma mövzular verməklə kifayətlənməyiblər. "Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Tərtər rayon şöbəsinin sədri Suliddin Yusubov isə bir sıra nəşrlərin işıq üzü görməsinə maddi dəstəyini verib”.  

Baş redaktor birgə axtarış nəticəsində Tərtərin Vəzir Orucov və Elçin Hüseynovdan sonra üçüncü Milli Qəhrəmanı Füzuli Rüstəmovun da olduğunun aşkara çıxarıldığını söyləyib. 

Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin direktor müavini Həcər Xeyri Qarabağ uğrunda döyüşlərdə Tərtərdə məskunlaşan fədai övladlarının qəhrəmancasına iştirakından danışıb: "Biz şəhərin baş küçələrindən birinin rota komandiri, şəhid Famil Qulaminin adını daşımasından vüqar hissi duyuruq və buna görə rayon rəhbərliyinə minnətdarıq”. 



SON XƏBƏRLƏR