Son 5 ildə ümumilikdə 5,2 milyard manatlıq vergi güzəştləri tətbiq olunub

img

18-07-2018 [15:15]


2017-ci ildə Azərbaycanda vergi güzəştləri tətbiq olunan vəsaitlərin ümumi məbləği 1 milyard 263,2 milyon manat təşkil edib.

Mia.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, ötən il vergi güzəşti və azadolmalarının strukturunda birinci yeri gəlir vergisi tutub. Belə ki, ötən il 437,5 milyon manat məbləğində gəlir vergisinə güzəşt tətbiq olunub ki, bu da ümumi azadolmaların 35 faizini təşkil edib. Sonrakı yerləri 26 faizlə mənfəət vergisi (324,3 milyon manat), 21 faizlə ƏDV (265 milyon manat), 10 faizlə əmlak vergisi (134,4 milyon manat) və 8 faizlə sadələşdirilmiş vergi (102 milyon manat) tutur.

"2017-ci ildə vergi güzəşti və azadolmalarından istifadə edənlərin 92,2 faizi fiziki şəxslərdir. Sadələşdirilmiş vergidən azad olunanların sayı 29 min 582, əmlak vergisindən azad edilənlər 2656, ƏDV-dən azad edilənlər 650, mənfəət vergisindən azad edilənlərin sayı isə 213 olub. Qeyd edək ki, kənd təsərrüfatı sektoru və əmanət faizləri üzrə gəlirlərdən azadolmalar bu statistikaya aid edilməyib", - deyə məlumatda vurğulanıb.


Nazirlikdən bildirilib ki, 2017-ci ilin vergi güzəşti və azadolmalarının bəyannamələrdə əks olunması vəziyyəti üzrə rəqəmlər göstərir ki, dövlətin verdiyi bu imtiyazlardan istifadə edənlərin təxminən yarıya qədəri aldığı güzəşti bəyannamələrdə düzgün göstərməyib: "Məsələn, gəlir vergisi üzrə bəyannamədə əks edilməli güzəşt və azadolmaların sayı 45 olsa da, bəyannamədə onlardan yalnız biri haqqında məlumat verilir. Mənfəət vergisində bu göstərici, müvafiq olaraq, 18-ə qarşı 17, əmlak vergisində 11-ə qarşı 10, torpaq vergisində 7-yə qarşı 3, sadələşdirilmiş vergidə 4-ə qarşı 2 olub. Bu sırada yalnız ƏDV üzrə ödəyicilər bəyannamə tələblərinə əməl ediblər: bu vergi növü üzrə güzəşt və azadolmalardan istifadə edənlər bəyannamədə əks olunmalı güzəşt və azadolmaların sayını tam şəkildə göstərib. Ümumilikdə isə vergi bəyannamələrində məlumat verilməli 108 güzəşt və azadolma növü olmasına baxmayaraq, onlardan yalnız 56-sı, yəni cəmi 51,9 faizi vergi bəyannamələrində əksini tapıb. Azadolmaların 42,4 faizi, güzəştlərin isə 69,6 faizi bəyannamələrdə əks olunmayıb".


Son 5 ildə vergi güzəştləri və azadolmaların dinamikasına nəzər saldıqda məlum olur ki, həmin vəsaitlərin ümumi məbləği ildən-ilə artır: "Beləliklə, son 5 ildə dövlət büdcəsi vergi güzəştləri və azadolmalardan 5 milyard 239 milyon 300 min manat itirib. Ən aşağı göstərici 2013-cü ildə (859,5 milyon manat), ən yüksək göstərici isə 2017-ci ildə (1 milyard 263,2 milyon manat) qeydə alınıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı