Pensiya və sosial yardım sahəsində ciddi saxtakarlıqlar üzə çıxıb - Nazirlik bəzi işçilərini prokurorluğa verib

img

14-07-2018 [17:42]


"Araşdırmalar nəticəsində pensiya təyinatı sahəsində ciddi qanunsuzluqlar, saxta sənədlər tərtib olunmaqla pensiya təyinatlarının aparılması halları aşkar edilib, belə hallarla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib".

Mia.az APA-ya istinadən bildirir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bugünkü müşavirədə deyib. 

Nazir müşavirdə stasionar və səyyar formada sosial xidmətlər sahəsində də ciddi nöqsanların mövcud olduğunu, sosial xidmət müəssisələrində ştat vahidləri üzrə işə qəbul edilənlərin sayı ilə faktiki işləyənlərin sayı arasında fərqlərin aşkar olunduğunu, belə halların aradan qaldırılması üçün tədbirlərin görüldüyünü qeyd edib, sosial xidmətlərdə formal yanaşmaların aradan qaldırılmasını tapşırıb. 

Nazir bildirib ki, risk qrupu xəstəlikləri ilə əlaqədar cari ilin birinci rübündə aparılmış əlillik təyinatları araşdırılarkən yanlışlıqlar aşkar edilib, həmin şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb: "Ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb. Artıq cari ilin ikinci rübünə dair əlillik təyinatları üzrə araşdırmalar aparılır. Araşdırmalar ikinci və üçüncü qrup əlillik təyinatlarını da əhatə edəcək". 

S. Babayev reabilitasiya müəssisələrində də nöqsanlara yol verildiyini, bir çox hallarda növbəliliyin pozulduğunu, bununla bağlı ciddi tədbirlərin görüldüyünü qeyd edib, bu müəssisələrdə çalışanların bilik və peşəkarlıq səviyyələrinin artırılmasının vacibliyini diqqətə çatdırıb. 

"Ünvanlı Dövlət Sosial Yardımın təyinatı üzrə son iki ayda aparılan araşdırmalar yardımların təyinatında bir sıra hallarda ünvanlılıq pozulub, yardım üçün müraciətlərlə əlaqədar maddi-məişət müayinələrinin aparılması zamanı qeyri-obyektiv yanaşmalara, nəticədə qeyri-qanuni yardım təyinatlarına yol verilib, sosial yardım üçün müraciətlərin bir hissəsinin məhz nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli şöbələrinin İP ünvanlarından daxil edildiyini və s. aşkara çıxarıb", - deyə bildirən nazirin sözlərinə görə, bu sahədə pozuntuların aradan qaldırılması üçün institusional və inzibati xarakterli ciddi tədbirlər görülür:

"Həmçinin DSMF-nin yerli şöbələrinin bu sahədə ciddi nöqsanlara yol vermiş rəhbərləri və əməkdaşları işdən kənarlaşdırılır. Bir neçə yerli şöbənin əməkdaşlarının qanunsuz hərəkətləri barədə materiallar hüquq mühafizə orqanlarına təqdim edilib. Ümumilikdə sosial yardım sistemində subyektiv yanaşmaların aradan qaldırılması, sistemin aztəminatlı ailələrə əlçatanlığının tam təmin edilməsi, sosial yardım proqramının özünüməşğulluqla əlaqəli mexanizminin formalaşdırılması üçün qısa müddətli və orta müddətli dövr üçün müəyyən edilən fəaliyyət istiqamətləri üzrə işlər aparılır".

Sahil Babayev məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması, özünüməşğulluq proqramında növbəliliyin pozulmasının qarşısının alınması, vətəndaşların proqrama cəlb olunması zamanı müəyyən edilmiş kateqoriyalara (sosial cəhətdən həssas qruplara) üstünlük verilməsi prinsipinə əməl olunması, işsizlikdən sığorta təyinatı ilə bağlı vətəndaşların müraciətlərinə bərabər və ədalətli yanaşmanın təmin olunması, habelə işsizlikdən sığorta sistemi ilə bağlı işəgötürənlər arasında daha geniş məlumatlandırma işlərinin aparılması və s. barədə tapşırıqlar verib.

Nazir əmək qanunvericiliyinə əməl olunmasına nəzarətin təkmilləşdirilməsi üçün bu sahədə İKT imkanlarından geniş istifadə olunmasını, elektron protokol layihəsinin tətbiqini, "ASAN Xidmət”in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən monitorinqlərin nəticələri ilə bağlı təqdim olunan məlumatlar üzrə aidiyyəti araşdırmalarını operativ şəkildə yerinə yetirilməsini və s. tapşırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı