Miqrasiya qanunvericiliyinə hansı dəyişikliklər edilib? - DETALLAR

img

14-07-2018 [10:36]


Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanunları imzalanıb və ölkədə miqrasiya proseslərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklər artıq qüvvəyə minib.

Dövlət Miqrasiya Xidmətindən Mia.az-a verilən məlumata görə, qanunvericiliyə edilmiş dəyişikliyə uyğun olaraq bundan sonra Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində 10 gündən yox, 15 gündən artıq müvəqqəti olmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkədə olduqları yer üzrə qeydiyyata alınacaqlar.

Əvvəlki qanunvericiliyə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma və ya yaşama, həmçinin iş icazələri qanunvericilikdə nəzərdə tutulan müvafiq əsaslara görə ləğv edilirsə, hər bir halda həmin şəxslər ölkədən çıxarılır və ölkəyə girişlərinə məhdudiyyət qoyulurdu. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəlişinin müəyyən müddətə məhdudlaşdırılması bir çox hallarda biznes sektorunun, sahibkarların işinə müəyyən çətinliklər yaradırdı. Qanuna müvafiq dəyişikliklərə əsasən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkədə olma, yaşama və ya iş icazəsinin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda, onların ölkəyə gəlməsinə qoyulmuş məhdudiyyət götürüləcək.

Miqrasiya Məcəlləsinin əvvəlki redaksiyasına əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda, onun ölkə ərazisinə gəlməsi 5 il müddətinə qadağan edilirdi. Dəyişikliyə əsasən Miqrasiya Məcəlləsinin müvafiq əsasa görə əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə girişinə 5 il müddətinə qadağa qoyulmasını nəzərdə tutan müddəası ləğv edilib.

Digər məsələ miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisini tərk etməsi və yenidən ölkəyə gəlməsi ilə bağlıdır. Bundan sonra miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati qaydada çıxarılmamaqla, inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs cəriməni ödəmədiyi təqdirdə, ölkəyə təkrar girişinə hər hansı məhdudiyyət tətbiq edilmədən ölkə ərazisini tərk edə biləcək. Bu halda onların ölkəyə girişi cəriməni ödəyənədək məhdudlaşdırılır və cəriməni ödədikdən sonra ölkəyə girişinə qoyulmuş məhdudiyyət dərhal götürülür. Belə ki, məhdudiyyətin götürülməsi üçün şəxsin əlavə müraciət etməsinə ehtiyac qalmayacaq. Bu yanaşma miqrasiya proseslərinin tənzimlənməsi sahəsində məmnunluğun artmasına öz müsbət təsirini göstərəcək. 

Dəyişikliklərə əsasən daimi yaşama icazəsi almaq üçün müraciət edən şəxsin müraciətinə imtina verildikdə, həmin şəxsin təqdim etdiyi sənədlər əsasında müvəqqəti yaşamaq icazəsi almasını tənzimləyən mexanizm yaradılıb. Belə ki, daimi yaşama icazəsinin alınmasına imtina verilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq icazəsi almaq üçün əlavə sənədlər təqdim etmədən sadəcə ərizə-anket ilə Dövlət Miqrasiya Xidmətinə müraciət edə biləcəklər.

Yeniliklərdən biri də miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə inzibati tənbehə səbəb olan halın aradan qaldırılması üçün İnzibati Xətalar Məcəlləsində dəqiq müəyyən olunan vaxtın verilməsidir. Ölkədə olma, yaşama, yaxud ölkə ərazisindən tranzitlə keçməsi qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə inzibati məsuliyyətə səbəb olmuş halın aradan qaldırılması üçün 10 gün vaxt veriləcək.

O ki qaldı İnzibati Xətalar Məcəlləsinə yeni 150.15-ci və 150.16-cı maddələrin əlavə edilməsinə, yəni inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində cəriməni ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün lakin 2 aydan çox olmamaqla cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanacaq. Təcrübədə müşahidə edilirdi ki, inzibati məsuliyyətə cəlb edilən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs bir çox hallarda ona tətbiq edilmiş inzibati cərimənin məbləğinin, müddətindən asılı olmayaraq dəyişməməsi səbəbindən  ödəməyə maraq göstərmir. Edilən dəyişiklik  əcnəbiləri inzibati cəriməni ödəməyə həvəsləndirməyə və müəyyən mənada məsuliyyət hissini artırmağa xidmət edir.

Ümumiyyətlə miqrasiya ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklərin məqsədi vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların vəziyyətinin yaxşılaşdırılmasına, məmnunluqlarının artırılmasına, rahatlıqlarının təmin edilməsinə,  şəffaflığa, ölkə ərazisində ailə bağlılığı və işgüzar əlaqələri olan əcnəbilərin öz hüquqlarından sərbəst istifadəsinə xidmət edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq