Dövlət Dəniz Agentliyi ilə Ekologiya Nazirliyi birgə işçi qrup yaradır

img

13-07-2018 [17:17]


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyində agentliyin direktoru Qüdrət Qurbanovla Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Mia.az xəbər verir ki, görüşdə Xəzər dənizinin çirkləndirilməsinin qarşısının alınması üçün qarşılıqlı tədbirlərin vacibliyi qeyd olunub, gəmilərdə formalaşan tullantıların idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər gəmilərdə formalaşan döşəməaltı neftli suların, məişət çirkab sularının və müxtəlif tərkibli bərk tullantıların "Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” Beynəlxalq Konvensiyanın və milli qanunvericiliyin tələblərinə uyğun idarə olunması və utilizasiya edilməsi məsələlərini müzakirə ediblər. Müzakirələr zamanı Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin CleanSeaNet layihəsi çərçivəsində və Dövlət Dəniz Agentliyinin tabeliyində fəaliyyət göstərən Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin texniki imkanları vasitəsilə peyk görüntüləri əsasında dənizdə neft ləkələrinin aşkar edilməsi, ləkələrin mənbəyinin müəyyən olunması ilə bağlı məlumatların operativ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ötürülməsinin təmin ediləcəyi bildirilib.
Yekun olaraq Xəzərin Azərbaycan sektorunda üzən gəmilərdə formalaşan maye və bərk tullantıların düzgün idarə olunması məqsədilə Dövlət Dəniz Agentliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərindən ibarət birgə işçi qrupunun yaradılması barədə qərar qəbul olunub.

Ekologiya və Təbii Sərvətlər Naziri Dövlət Dəniz Agentliyi tərəfindən dənizdə üzən gəmilərin müşahidə edilməsi üçün yaradılmış Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi ilə tanış olub.

Qeyd edək ki, "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdən ilk dəfə olaraq Azərbaycanda ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi yaradılıb. Mərkəz "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na riayət olunmasına nəzarəti həyata keçirəcək, həmçinin Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyinin izlənilməsi, onların hərəkət təhlükəsizliyinin təmin edilməsində naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq bilgilərin, habelə digər mühüm məlumatların ölkə daxilində və beynəlxalq səviyyədə operativ çatdırılmasını təmin edəcək.




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq