Şeyx Kralla görüşdü

img

13-07-2018 [12:45]


Səudiyyə Ərəbistanının Ciddə və Məkkə şəhərlərində İslam Əməkdaşlıq Təşkilatı və Əfqanıstan hökumətinin birgə təşkilatçılığı ilə Əfqanıstana dair Beynəlxalq Üləma Konfransı keçirilib.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Mia.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə idarə rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə sədrlik edib.

Tədbirdə əksər müsəlman ölkələrindən, habelə Əfqanıstanda yaşayan etnik azlıqları, dini təriqətləri və siyasi qrupları təmsil edən 150-dən çox din xadimi və nümayəndələr iştirak ediblər. Səudiyyə Ərəbistanı hökuməti adından çıxış edən İslam məsələləri, dəvət və irşad naziri Əbdüllətif bin Əbdüləziz Ali Şeyx İki Müqəddəs Məscidin Xadimi Kral Salman bin Əbdüləzizin salamlarını konfrans iştirakçılarına çatdıraraq Əfqanıstanda davamlı sülhün və milli barışığın bərqərar olmasının İki Müqəddəs Məscidin Xadiminin daim diqqət və marağında olduğunu, islami dəyərlərin yanlış təbliğinin qarşısının alınmasında üləmaların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Allahşükür Paşazadə isə Əfqanıstanın maddi resurslarla zəngin, eyni zamanda, əlverişli geostrateji coğrafi mövqeyə malik olduğunu söyləməklə, bu ölkədə davamlı sülhün və əmin-amanlığın bərqərar olmasının regionun geosiyasi sabitliyi və inkişafı baxımından həyati əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycanın bu istiqamətdə artıq bir neçə beynəlxalq konfransa – 2017-ci ilin dekabr ayında "Asiyanın ürəyi-İstanbul prosesi"nin 7-ci nazirlər toplantısına, 2018-ci ilin iyun ayında isə Əfqanıstana dair Beynəlxalq Təmas Qrupunun toplantısına ev sahibliyi etdiyini xatırladan şeyxülislam Əfqanıstanda sülh və barışığın, müasirlik və tolerantlığın təşviqində, habelə islami dəyərlərin yanlış izahından doğan radikalizmlə mübarizədə görkəmli müsəlman din xadimlərinin və üləmaların həlledici rol oynaya biləcəyini, bu cür yığıncaqların səmərəliliyi üçün davamlı olmasının vacibliyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransın ikinci günü nümayəndə heyətlərinin rəhbərləri Ciddə şəhərində Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz və Məkkə Əyalətinin əmiri Xalid Əl-Feysəl tərəfindən qəbul edilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə ilə görüşü zamanı Kral Salman bin Əbdüləziz Azərbaycan prezidenti İlham Əliyevə səmimi salamlarının çatdırılmasını xahiş edərək ölkələrimiz arasındakı münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın İslam dünyasındakı rolunu və mövqeyini yüksək qiymətləndirib. Öz növbəsində, dövlətimizin başçısının səmimi salamlarını Krala çatdıran Şeyxülislam Səudiyyə Ərəbistanı dövlətinin xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman ölkəmizə göstərmiş olduğu dəstəyi yüksək qiymətləndirib. Görüşlərdə şeyxülislam Allahşükür Paşazadəni Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev müşayiət edib.

Konfrans yekun kommünikenin qəbulu ilə başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq