Şriftin ölçüsü / 847 dəfə oxunub

"Həmin qrupların Gəncəni seçməsi təsadüfi deyil" - Hansı qüvvələri əli var? +Politoloqdan detallı şərh

11 Iyul 2018 [00:56]

"Hiss olunur ki, Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qruplar var".

Mia.az xəbər verir ki, bu fikri musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu söyləyib. O bildirib ki, həmin qrupların Gəncəni seçməsi təsadüfi deyil:

"Müasir tariximizdə Gəncədə baş verənlər bütövlükdə Azərbaycana təsir edib. Ona görə də düşmənlərimiz həssas nöqtə seçiblər. Gəncədə icra hakimiyyətinin başçısına edilən sui-qəsddən sonra tətiyi çəkəni dəstəkləmək məqsədilə meydana çıxmaq çox böyük risq tələb edirdi. Çünki, bəlli idi ki, polis cinayətkarı dəstəkləyənləri elə yerindəcə həbs edəcək. Buna rəğmən, 200-ə yaxın şəxs həyatını risqə qoyaraq cinayətkara dəstək məqsədilə "meydana çıx" çağırışına dəstək verdi. Onları buna hansı daxili və kənar amillər vadar edib? Bu sualın cavabı araşdırılmalıdır. Əlbəttə, iki polis əməkdaşımızı qətlə yetirənlər qanun qarşısında cavab verməlidirlər. Ancaq həbslərin miqyasında ehtiyatlı olmaq lazımdır. Düşmənlərimizə də elə bu lazımdır".

Politoloq bildirib ki, ümumiyyətlə, başda Mingəçevirdəki qəza və son Gəncə hadisələri olmaqla ciddi analizlər aparılmalıdır:

"Biz "nə baş verir" və "bu kimlərin maraqlarına cavab verir" sualları üzərində düşünməliyik. Hətta bu suala cavab da tapmalıyıq ki, niyə bəziləri sosial şəbəkələrdə cinayətə və cinayətkara gizli dəstək ifadə edirlər? Onları buna nə vadar edir? Ətrafda neqativ impulslar pozitiv impusları üstələyirsə bunun səbəbləri müəyyənləşdirilməli və gərəkli islahatlarla həllini tapmalıdır. Bilmirəm Prezident Administrasıyasında və ya Administrasiya yanında Strateji Araşdırmalar Mərkəzi prezident üçün gərəkli raporlar hazırlayırlar ya yox, ancaq cəmiyyətin müxtəlif təbəqələrində son vaxtlar müxtəlif şayiələr yayılır. Bu şayiələrın qarşısını ancaq düzgün informasiya siyasəti ilə üstələmək olar. Xaricdəki mərkəzlər də Azərbaycandakı durumu analiz edir və gələcəkdə ölkəmizə qarşı müxtəlif kirli ssenariləri götür-qoy edirlər. Məsələn, Gəncə icra hakimiyyətinin başçısına güllə atan şəxs azərbaycanlıdır, Rusiya vətəndaşıdır və bir neçə ay İranın Qum şəhərində yaşayıb. Bu 3 amilin bir arada olması təsadüfə az oxşayır. Eləsini seçiblər ki, baş verən cinayətə görə həm radikal dindarlardan, həm Rusiyadan, həm də İrandan şübhələnirsən. O da aydındır ki, dövlətimizi və təhlükəsizliyimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir".



SON XƏBƏRLƏR