Əliyev və Ərdoğan Bakıda mühüm mesajlar verdilər: Prezidentlərdən birgə bəyanat -ÇIXIŞLAR +VİDEO

img

10-07-2018 [17:06]


Prezident İlham Əliyevlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğan təkbətək görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Mia.az-ın məlumatına görə, geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında Ərdoğan bildirib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində daim Azərbaycana dəstək verir: "Ermənistan BMT qətnamələrinə əməl etməlidir, Azərbaycan əraziləri işğaldan azad edilməlidir. Türkiyənin mövqeyi beynəlxalq hüquqa tam uyğundur. Azərbaycan da daim Türkiyəni dəstəkləyir”.

Ərdoğan deyib ki, Azərbaycanla həm enerji, həm də müdafiə sənayesi sahəsində atdığımız addımlar böyük əhəmiyyət kəsb edir:  "TANAP Azərbaycan və Türkiyə  üçün həyati əhəmiyyətli layihədir. Bu layihə tək Azərbaycan və Türkiyə deyil, Azərbaycanla Avropa arasında əlaqə yaradır. Bu, həm də qardaşlığımıza qoyulan strateji sərmayədir. Azərbaycanın Türkiyədəki Əliağa layihəsinə qoyduğu sərmayə çox önəmlidir. Payızda yeni sərmayə qoyuluşu ilə bağlı layihələr həyata keçirəcəyik”.

T. Ərdoğan qeyd edib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir: "Hazırda iki ölkə arasında ticarət əlaqələri artır, münasibətlər inkişaf edir. Bu, qardaşlıq münasibətlərimizin necə inkişaf etdiyini göstərir. Türkiyə müdafiə sənayesində 15 il əvvəl kimlərəsə möhtac idisə, indiki müdafiə məhsullarına ehtiyacının 65 faizini özü təmin edir. Biz bu imkanlarımızı qardaş ölkələrlə də paylaşırıq”.

Ərdoğan Azərbaycan prezidentinə FETÖ-yə qarşı mübarizə ilə bağlı təşəkkür də edib.

Ərdoğan deyib ki, iki ölkənin təhsil nazirlikləri bu sahədə problemləri həll etmək üçün birgə çalışacaq. O qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ və Naxçıvan məsələlərində üzərinə düşəni edib və etməyə davam edəcək: "Naxçıvanla Türkiyə arasında quru yolları ilə bağlı çətinliklər aradan qalxıb. Biz indi bir dəmir yolu çəkməklə nəqliyyat əlaqələrini inkişaf etdirərək bu sahədə daha bir önəmli addım olacaq”.

Ərdoğanın sözlərinə görə, Naxçıvan sakinləri sərhəddəki Türkiyə xəstəxanalarının imkanlarından istifadə edə bilər: "Bu məsələdə dəstək verəcəyimizi bildirdim”.

Türkiyə prezidenti nəzərə çatdırıb ki, NATO sammitində iki ölkənin müştərək problemlərini gündəmə gətirəcək: "Qardaşım İlham Əliyevin şəxsində Azərbaycan xalqına hörmətimi, ehtiramımı çatdırıram”.

 Prezident İlham Əliyev isə qeyd edib ki, Türkiyə ordusu dünyada ən güclü ordulardan biridir.

Dövlət başçısı bildirib ki, Azərbaycan Türkiyədən yeni, müasir silahlar alır və bu silahların bir hissəsi bu günlərdə Bakıda keçirilən hərbi paradda nümayiş etdirilib: "Bu il Türkiyə ilə Azərbaycan arasında hərbçilərin iştirakı ilə 7 birgə təlim keçirilməlidir. Bu təlimlərdən 3-ü keçirilib, dördü də keçiriləcək”.

Azərbaycan dövlət başçısı qeyd edib ki, son seçkilərdə Türkiyə xalqı yenidən R. T. Ərdoğana etimad göstərib: "Sizin liderliyinizlə Türkiyə şərəfli yol keçib, dünyada gücə çevrilib, beynəlxalq aləmdə nüfuz sahibidir. Türkiyə iqtisadi inkişafa görə dünyada ən qabaqcıl yerlərdədir. Sizin rəhbərliyinizlə Türkiyədə sabitlik bərqərar olub. Türkiyənin uğurları Azərbaycan xalqını sevindirir. Bizim şəxsi dostluq əlaqələrimiz ölkələrimizi bir-birinə sıx bağlayır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Biz beynəlxalq aləmdə daim bir-birimizi dəstəkləyirik”.

Prezident Türkiyə şirkətlərinin Azərbaycana 12 milyard dollardan çox vəsait qoyduqlarını söyləyib: "Keçən ay Əskişəhərdə TANAP-ın açılışında bir yerdə olmuşuq. TANAP layihəsinin təməlini 2012-ci ildə İstanbulda saziş imzalamaqla qoymuşuq. Cənub Qaz Dəhlizi layihəsinin uğurla icrası başa çatır. TANAP-ın başa çatması bu istiqamətdə atılan böyük addımdır. Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib edir. Bizim birgə layihələrimiz nəinki region, Avrasiya üçün də böyük əhəmiyyət daşıyır, regional sabitliyə böyük töhfə verir. Əminəm ki, Türkiyə və Azərbaycanın birgə səyi ilə bölgədə sülh yaranacaq. Azərbaycan bu günə qədər Türkiyə iqtisadiyyatına 13,9 milyard ABŞ dolları, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard  dollardan çox investisiya qoyub. Yalnız qardaş ölkələr arasında bu qədər qarşılıqlı investisiya (26 milyard dollar) ola bilər. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi də artır və daha da artmalıdır...”.




Digər xəbərlər
SON XƏBƏRLƏR