Şriftin ölçüsü / 200 dəfə oxunub

ATƏT PA-da Azay Quliyevin müəllifi olduğu qətnamə qəbul edildi - Ermənilərin çabası boşa çıxdı

09 Iyul 2018 [23:51]
Berlində ATƏT PA-nın iqtisadiyyat, elm, texnologiya və ətraf mühit məsələləri üzrə komitəsinin iclasında ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev "Nəqliyyat şəbəkələrinin və dəhlizlərin inkişafı yolu ilə, o cümlədən qədim İpək Yolunun dirçəldilməsi vasitəsilə ATƏT regionunda qarşılıqlı əlaqəliliyin artırılması” adlı qətnamə layihəsini təqdim edib.

Mia.az xəbər verir ki, Ermənistan nümayəndə heyətinin rəhbəri Ermine Nağdalyan "spoyler” rolunu öz üzərinə götürməyə çalışaraq Azərbaycanın bu təşəbbüsünə qarşı çıxış edib. 

O, spekulyativ mövqe tutaraq bəyan edib ki, ATƏT "nəqliyyat təşkilatı” deyil, təhlükəsizlik məsələləri ilə məşğul olan qurumdur. Lakin nümayəndələr onun fikrini dəstəkləməyiblər. Ondan dərhal sonra çıxış edən sənədin müəllifi Azay Quliyev erməni həmkarına izah edib ki, təhlükəsizlik və regional əməkdaşlıq məsələləri bir-biri ilə çox sıx bağlıdır və ATƏT təkcə təhlükəsizliyə görə deyil, həm də sözün geniş mənasında əməkdaşlığa görə cavabdehdir. A.Quliyev vurğulayıb ki, Nağdalyan nümayəndə kimi göndərildiyi təşkilatın əsas sənədlərini yenidən öyrənsə, pis olmazdı.

ATƏT PA üzvləri bu arqument ilə razılaşıb və erməni həmkarlarının təklif etdiyi düzəlişi rədd ediblər.

Ermənistan nümayəndə heyətinin təklif etdiyi və əsl məqsədi sözügedən sənədi "yaxşılaşdırmaq” deyil, Azərbaycanın təşəbbüsünün qəbul edilməsinə əngəl törətmək olan bir sıra başqa yersiz düzəlişlər də rədd edilib. Belə uğursuz düzəlişlərdən biri bu ölkənin özünü düçar etdiyi təcridolunma ilə bağlı idi. Lakin qətnamənin müəllifi xatırladıb ki, təklif olunan sənəddə ATƏT-in prinsiplərinə və beynəlxalq hüquq normalarına riayət edənlərin heç birinə qarşı ayrı-seçkilik edilmir.

Səsvermənin gedişində nümayəndələr Azərbaycanın təklif etdiyi qətnaməni mütləq səs çoxluğu ilə (lehinə 35, əleyhinə 1 səs) qəbul ediblər. Aydındır ki, qətnamənin əleyhinə səs verən yeganə nümayəndə Ermine Nağdalyan özü olub. Burada rəmzi məna var: "regional təcridçiliyin” əleyhinə çıxış edən erməni nümayəndə özü ATƏT PA üzvləri tərəfindən eyni şəkildə təcrid olunmuş vəziyyətə düşüb.

Beləliklə, bu sənədin qəbul edilməsi ilə Assambleya yanında "İpək Yoluna Dəstək Qrupu” (SRG) ATƏT PA tərəfindən siyasi dəstək alıb.

ATƏT PA bu qətnaməni qəbul etməklə İpək Yolu proqramı çərçivəsində bütün nəqliyyat layihələrini, o cümlədən əsas tərkib hissəsi Azərbaycan olan Şərq-Qərb, Şimal-Cənub və digər layihələri dəstəkləyib. ATƏT PA İpək Yolu proqramını dəstəkləməklə artıq fəaliyyətdə olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və digər regional nəqliyyat layihələrini növbəti dəfə dəstəkləyib.

Qətnamə faktiki olaraq bütün bu layihələrdən və bütün İpək Yolundan kənarda qalmış Ermənistanın regional təcridolunma faktını təsdiqləyib. Beləliklə, ATƏT PA bu barədə açıq danışmadan, bu qətnaməni qəbul etməklə Ermənistanın ünvanına çox nəzakətli şəkildə özünəməxsus incə bir ismarıc göndərib. Bu ismarıcın mahiyyəti Ermənistanın təcrid olunmasının səbəblərini ona xatırlatmaqdan ibarətdir. Başlıca səbəb ərazi ekspansionizmi, bütün qonşulara qarşı mənasız ərazi iddiaları doktrinası, Azərbaycan ərazilərinin işğal edilməsi və sair amillərdir. Əgər erməni xalqı bu ideologiyanın dəstəkləyən qüvvələrin təsiri altına düşməsəydi, bu gün o, Böyük İpək Yolunun tərkib hissəsi ola bilərdi. Belə ağılsız siyasətin nəticələrindən biri də bu olub ki, bu gün Ermənistan özünün bütün qonşularından fərqli olaraq, həm Böyük İpək Yolu layihəsindən, həm də deputat Azay Quliyevin təşəbbüsü ilə yaradılmış SRG qrupundan kənarda qalıb.

Bu qətnamənin qəbul edilməsi başda Prezident İlham Əliyev olmaqla Azərbaycan rəhbərliyinin siyasi xəttinin və vaxtilə Azərbaycanın irəli sürdüyü təşəbbüslərin beynəlxalq birlik tərəfindən, xüsusən ATƏT PA tərəfindən dəstəklənməsini və bəyənilməsini nümayiş etdirdi.

Xatırlatmaq lazımdır ki, bu dəstək dərhal yaranmayıb. İlk illərdə Azərbaycan bu gün arftıq reallaşdırılmış və səmərə verən beynəlxalq və regional layihələr barəsində skeptik proqnozlar eşitməli olurdu. Bugünkü sənədin qəbul olunması dövlətimizin siyasi xəttinin haqlı olmasının beynəlxalq birlik tərəfindən başa düşülməsinə dəlalət edir.


SON XƏBƏRLƏR