"Hansısa yaramaz bir məmur pul naminə o yeri satır" - Prezidentdən icra başçılarına sərt təpki

img

09-07-2018 [23:25]


"Son illərdə şəhər nəqliyyatı ilə bağlı böyük işlər görülüb. Yeni, çox komfortlu avtobuslar gətirilib və yeni avtobusların gətirilməsi nəzərdə tutulur”.

Mia.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Dövlət başçısı qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi yaradılıb və bu sahədə pərakəndəliyi aradan qaldırmaq üçün struktur islahatları aparılıb: "Bu gün Bakı Nəqliyyat Agentliyi şəhərin nəqliyyat sisteminə cavabdehlik daşıyan yeganə qurumdur. Bu agentliklə sıx əlaqədə işləyən bütün digər dövlət qurumları ona kömək göstərməlidir. Çünki bu sahədə də bir çox pozuntulara yol verilib. İndi dövlət vəsaiti hesabına parkinqlər tikilib, amma bu parkinqlər boşdur. Parkinqlərin yanında maşınlar qanunsuz dayanıb və heç kim də onlara demir ki, sən maşını niyə burada - parkinqlə üzbəüz saxlayırsan? Nədir ki parkinqə gedib maşını saxlamaq ya əziyyətdir, ya da ki, pul vermək istəmir. Bəlkə də qanunsuz olaraq az pul verib maşını burada saxlayır. Belə olan halda biz şəhər nəqliyyatını necə tənzimləyək?!”

Dövlət başçısı dayanacaqların yerində binaların tikintisinin yolverilməz olduğunu vurğulayıb.

"Dayanacağın yerində binalar tikirlər. Məndə o şəkillər var. Mən müşavirə keçirmişdim, çox ciddi tapşırıq vermişdim və ciddi iradlar bildirmişdim. Rayon icra hakimiyyətləri dayanacağın yerini zəbt edir, hasarlayır, o yeri satır və demək olar ki, şəhər nəqliyyatını iflic vəziyyətə salırlar. O səhvləri buraxan məmurlar işdən qovulub. Ancaq mən deyirəm ki, şəhər nəqliyyatı hamımız üçün rahat bir nəqliyyat olmalıdır. Şəhərsalma qaydaları elə qoyulmalıdır ki, şəhər nəqliyyatına əngəl törətməsin, əksinə, buna kömək göstərsin. Azərbaycanın əhalisi artır, Bakı böyüyür. Qonşu ölkələrdən fərqli olaraq bizim əhalimiz müstəqillik dövründə 7 milyondan 10 milyona çatıb. Bu artım müqabilində biz gələcəkdə necə hərəkət edəcəyik? Biz insanların saatlarla tıxaclarda əziyyət çəkdikləri böyük meqapolislərin vəziyyətinə düşmək istəmirik. Biz burada yeni damarlar, yeni yollar açırıq. Amma hansısa yaramaz bir məmur pul naminə o yeri satır, orada da qanunsuz bina tikirlər. Sonra da dövlət həmin binanın sökülməsi üçün böyük vəsait, kompensasiya verməlidir ki, qanunsuz tikən oradan çıxsın və yol açılsın. Ona görə çox ciddi tapşırıq verirəm, dövlət orqanları nəticə çıxarsınlar”, - deyə prezident İlham Əliyev vurğulayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR