Şriftin ölçüsü / 129 dəfə oxunub

Nazir Qarabağ qaziləri və veteranlarla görüşdü

09 Iyul 2018 [16:49]

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Azərbaycan Qarabağ müharibəsi əlillləri, Veteranları və Şəhid ailələri”, "Qarabağ Qaziləri”, "Çernobıl Əlilləri İttifaqı”, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə”, "Azərbaycan Əfqanıstan Veteranları”, "Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək”, "Qarabağ Əlilləri və Veteranları”, "Şəhid ailələrinə Dəstək” İctimai Birliklərinin, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və "20 Yanvar” Cəmiyyətinin rəhbərləri ilə görüşüb.

Nazir sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlillliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindən olduğunu vurğulayıb. O bildirib ki. həmin insanların müvafiq sosial təminat növləri – pensiya, müavinət, Prezident təqaüdü ilə təminatı işləri aparılır, bu ödənişlərin mütəmadi olaraq artırılması təmin edilir. Digər tərəfdən, konkret sosial proqramlarla əlil və şəhid ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı həyata keçirilir. Eyni zamanda, qanunvericilikdə bu təbəqələrdən olanlar üçün bir sıra güzəştlər, əlavə təminatlar əksini tapır.

Əlilliyi olan insanlar üçün tibbi-sosial reabilitasiya sisteminin müasirləşdirilməsi və səmərəli təşkili üçün aparılan işləri diqqətə çatdıran S.Babayev qeyd edib ki, müharibə əlillərinin və veteranlarının, şəhid ailələrinin, digər həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasında onların aktiv əmək bazarı proqramları, xüsusilə özünüməşğulluq proqramı vasitəsilə dəstəklənməsi də diqqətdə saxlanılır. Özünüməşğulluq proqramına cəlb olunanların sayı dəfələrlə artdığı kimi, həmin təbəqələrdən olanların bu proqramda iştirak səviyyəsi də əhəmiyyətli şəkildə artır.

Nazir sosial təminat və əlilliyin qiymətləndirilməsi sahələrində tam şəffaflığa, sosial ədalət prinsipinə və bu sahələr üzrə xidmətlərdə vətəndaş məmnunluğuna nail olunması üçün aparılan islahatlar, müəyyən olunan hədəflər barədə məlumat verilib. S.Babayev əliliyi olanlarla, şəhid ailələri və veteranlarla əlaqədar sosial müdafiə tədbirlərinin təşkilində, bu tədbirlərdə şəffaflığın təmin olunmasında görüşdə iştirak edən ictimai qurumlarla əməkdaşlığa, onların rəy və təkliflərinə xüsusi önəm veriləcəyini vurğulayıb.

Görüşdə qeyd olunan ictimai birliklərin rəhbərləri sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərdən, sosial proqramlardan danışıblar. Sosial sifarişlər üzrə icra olunan layihələrlə bağlı ictimai qurumların rəhbərləri rəy və təkliflərini ifadə ediblər. Səslənən rəy və təkliflərlə əlaqədar müzakirələr aparılıb.




SON XƏBƏRLƏR