Masallıda “Ruh” Jurnalistlərin müdafiəsi İB-nin növbəti tədbiri təşkil olunub - FOTO

img

06-07-2018 [22:03]


"Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı "Elektron mediada və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ictimai fəallığın artırılması” layihəsi çərçivəsindəki növbəti tədbir Masallıda keçirilib. 

Birlikdən Mia.az-a verilən məlumata görə, şəhərin Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Masallı rayonunda çıxan həftəlik "Yeni həyat" qəzetinin baş redaktoru Əlihüseyn Şükürov layihə çərçivəsində müzakirə edilən mövzunun əhəmiyyətini vurğulayıb. 

O bildirib ki, "Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin, eləcə də digər qeyri-hökumət təşkilatlarının keçirdikləri tədbirlər cəmiyyətin müxtəlif təbəqələri arasında sosial şəbəkələrdən düzgün istifadə vərdişlərinin yaranmasına əhəmiyyətli dəstəkdir.
 
"Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmov rəhbərlik etdiyi layihənin məqsəd və vəzifələrindən söz açıb.

 "Azərbaycanda internetin inkişafı ilə bağlı çoxsaylı işlər görülsə də demək olmaz ki, bu məkan hüquqi münasibətlər sistemində oturuşmuş mövqeyə malikdir. Mövcud cəhət yalnız ölkəmiz üçün xarakterik deyil. Dünyanın bir çox bölgələrində bu məkana birmənalı hüquqi baxış yoxdur. Müxtəlif ölkələr özlərinin praktikasından çıxış edərək prosedurlar tətbiq edirlər. Azərbaycanda da bununla bağlı tədbirlər gerçəkləşdirilib. Müəyyən dövlət sənədlərinə əlavə və dəyişikliklər nəticəsində internetin hüquqi münasibətlər sistemimizdə çəkisi yaradılıb. Bir neçə il öncə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə təklif edilən əlavələr də bu baxımdan mühüm yer tutur. Həmin əlavələrdə sosial şəbəkələrdə təhqir və böhtanların, yalan məlumatların yayılmasına, saxta adlarla bu və ya digər xoşagəlməz fəaliyyətin gerçəkləşdirilməsinə qarşı məsuliyyət nəzərdə tutulub. Ancaq hesab edirik ki, bu istiqamətdəki tədbirlərə ictimaiyyət tərərfindən də müvafiq dəstək göstərilməlidir. Cəmiyyət üzvləri istər sosial şəbəkələrdən istifadə zamanı vacib olan etik davranış qaydaları, istər bu müstəvidəki inzibati məsuliyyət növləri, istərsə də məqsədli şəkildə həyata keçirilən anti-milli fəaliyyətin müxtəlif tərəfləri ilə əlaqədar məlumatlandırılmalıdırlar. Bu işin əsasən də bölgə əhalisi içərisində aparılmasına ehtiyac var. Layihəmiz mövcud ehtiyacı nəzərə almaq məramından irəli gələn təşəbbüsdür”, - deyə Ə.Rüstəmov vurğulayıb.

Layihənin eksperti, "Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin sədri Seymur Verdizadə bildirib ki, Azərbaycan əhalisi bir çox sosial şəbəkələrin xidmətlərindən istifadə edir. Lakin statistik rəqəmlər göstərir ki, istifadəçi sayına görə ən başlıca sosial şəbəkə facebookdur. Hazırda 1 milyondan artıq vətəndaşımız yalnız facebookda qeydiyyatdan keçib. 

"Perspektiv proqnozlar bu sayın getdikcə artacağından xəbər verir. Ümumən sosial şəbəkələr söz və ifadə azadlığının təmin olunması istiqamətində mühüm vasitə oduğundan ictimai statusundan, sosial və dini mənsubiyyətindən asılı olaraq hər kəs orada öz baxışlarını yaymaq imkanındadır. Nəzərəçarpacaq meyllərdən biri də budur ki, hazırda ayrı-ayrı media orqanlarının materiallarının yayılma arealı kimi də sosial şəbəkələr mühüm yeri tutur. Lakin təcrübə göstərir ki, mövcud imkanlardan sui-istifadə meylləri də az deyil. Bunun nəticəsidir ki, ayrı-ayrı vətəndaşların təhqir olunmaları, onların şəxsi həyatlarına müdaxilə halları artır. Eyni zamanda sosial şəbəkələrdəki zərərli tendensiyalardan biri də ayrı-ayrı şəxslərin və maraqlı qrupların saxta adlardan istifadə etmələridir”, - deyən S.Verdizadə əlavə edib ki, bu xüsusda yarana biləcək problemlərə qarşı bütövlükdə cəmiyyət səfərbər olmalıdır. Belə layihələr də məhz həmin səfərbərliyi təmin etmək məramından qaynaqlanır. 
 
Çıxış edənlərdən ekspert Teyyub Mirqasımov, "Yeni həyat" qəzetinin baş redaktorunun müavini Rəsul Rzayev, məsul katibi Həsənağa Əliyev, Təzəkənd kənd orta məktəbinin fizika müəllimi Afəddin Babayev, Masallı Təhsil Şöbəsinin metodisti Əyyar Bürhanov, Böyük Kolatan kənd orta məktəbinin müəllimi İntiqam Qulamov və başqaları "Elektron mediada və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ictimai fəallığın artırılması” layihəsinin əhəmiyyətinə toxunaraq təcrübədə rastlaşdıqları bir sıra məqamlar barədə məlumat veriblər. 

Qeyd edək ki, sözügedən layihə çərçivəsində Tovuz və Balakən rayonlarında maarifləndirici xarakterli "dəyirmi masa”lar təşkil edilib. Bu mövzudakı sonuncu tədbirin Şabran rayonunda keçirilməsi nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR