“Dünən Elmar Vəliyevi ziyarət etdim...” - Yevlaxın deputatı Gəncənin icra başçısına baş çəkdi

img

06-07-2018 [15:09]


"Mən dünən Elmar Vəliyevi ziyarət etdim. Elmar Vəliyevlə mən uzun müddət bir yerdə işləmişik. Mən Yevlax şəhəri Yeni Azərbaycan Partiyasının sədri və Yevlax Mərkəzi Xəstəxanasının baş həkimi işləyərkən, Elmar Vəliyev də icra başçısı idi. Cənab prezident İlham Əliyevin diqqət və qayğısı, Elmar Vəliyevin işgüzarlığı ilə Yevlax şəhərində yenidənqurma işləri aparıldı, parklar, mədəniyyət mərkəzləri, insanlar üçün yeni iş yerləri yaradıldı. Mən də o hadisələrin şahidi olmuşam. Elmar müəllimlə bir yerdə fəaliyyətimiz olub. Mən Elmar Vəliyevin işgüzarlığını, fəaliyyətini, peşəkarlığını həmişə yüksək qiymətləndirmişəm. Onun insanlara olan diqqət və qayğısı göz qabağındadır. Elmar Vəliyev Yevlaxda doğulub və orada yaşayıb”.

Bu sözləri Modern.az saytına Milli Məclisə 48 saylı Yevlax seçki dairəsindən deputatı İlham Məmmədov Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə münasibət bildirərkən deyib.


Deputat bildirib ki, Yevlax sakinləri bu hadisədən hiddətləniblər: 

"Yevlax sakinləri bu hadisədən hiddətləniblər. İnsanlar Yevlaxın quruculuğunda, abadlığında yaxından iştirak etmiş, möhtərəm prezidentimizin ən sadiq əsgəri olan Elmar Vəliyevə  tuşlanmış bu gülləni özlərinə və dövlətə qarşı şərəfsizlik kimi qiymətləndirirlər. 

Ölkəni, dövləti, prezidentimizin fəaliyyətini istəməyən və kənardan maliyyələşən, əhali arasında çaşqınlıq yaratmaq istəyən bəzi şərəfsizlər sosial şəbəkələrdə müxtəlif qüvvələrin sifarişi ilə həqiqətə uyğun olmayan yazılar yazırlar. Bilirsiniz, mən Elmar Vəliyevi, onun ailəsini, nəslini çox yaxşı tanıyıram. O, əsl azəri oğludur. Ulu babaları qədim İrəvan torpağında çox hörmətli insanlar olub. Bu gün Elmar Vəliyevin ailəsi, qardaşları dövlərimizin qulluğunda və keşiyindədirlər. Belə bir insanı xarakterizə edərək, ondan mənfi obraz yaratmaq istəyən qüvvələrə qarşı insan söz tapa bilmir. Son vaxtlarda bəzi KİV-lər dövlət məmurlarını, icra başçılarını düşmən obrazında təqdim etmək istəyirlər. Sanki bunların hamısını məhv etmək lazımdır. Belə bir çağırışlar edirlər. Hesab edirəm ki, bu fikirdə olanlar xarici qüvvələr tərəfindən idarə olunurlar”. 

İlham Məmmədov deyib ki, o, hazırda Yeni Azərbaycan Partiyasının Yevlaxdakı qərargahında ictimaiyyət nümayəndələrinin məlum hadisə ilə bağlı axınına şahidlik edir: 

"İnsanlar partiyamızın qərargahına gəlib Elmar Vəliyevə qarşı törədilən sui-qəsd hadisəsinə etirazlarını bildirirlər. İnsanlar həm də ona görə hiddətlənir ki, bu cinayəti törədən Yunis Səfərov bəzi KİV-lrədə bir "qəhrəman” obrazına çevrilib.  Onlar sanki bu cinayətkardan Robin Qud yaratmaq istəyirlər.  Həmin şəxs cinayət törədib və dövlətimizin qanunlarına uyğun olaraq cəzasını da alacaq. 

Ancaq bu cinayətkarı "qəhrəman”a çevirmək insana utanc gətirən bir şeydir. Bizim milli qürürumuz, qəhrəmanımız olan Mübariz İbrahimovla həmin cinayətkarı eyniləşdirmək insanı çox ağrıdır. Həmçinin, bəzi KİV-lərdə  guya Gəncədə insanlara dini baxışlar üzərində təzyiqlərin olması barədə məlumatlar yayılıb. Bu düzgün informasiya deyil. Cənab prezident insanların dini etiqad azadlığını rahat həyata keçirməsi üçün tarixi "İmamzadə”  kompleksinin bərpası üçün kifayət qədər vəsait ayırıb. 

Bu gün Gəncədə dövlətin yanında olan insanlara şəraitin yaradılması göz qabağındadır. Bu gün respublikamızın hər yerində olduğu kimi, Gəncədə də "Dini etiqad azadlığı haqqında” Qanundan irəli gələn tələblər yerinə yetirilir. Bunu gəncəlilərin özləri də etiraf edirlər”.


İ.Məmmədov prezident İlham Əliyevin ölkənin enerji sistemindəki son vəziyyətlə əlaqədar keçirdiyi müşavirəni də xatırladıb: "Həmin müşavirədə daxili işlər naziri Ramil Usubov bildiridi ki, bu vəziyyətdən istifadə edərək, hakimiyyətə qarşı çağırışlara cəhdlər olur. Bəli, belə hallarda çağırışlara cəhd etmək istəyənlər olur. Cənab prezident İlham Əliyevin Elmar Vəliyevə etimadı var ki, onu Yevlaxdan Gəncəyə icra başçısı aparmışdı. Bu gün Gəncə ölkəmizin ikinci ən böyük şəhəridir. Gəncə həmişə maraqların toqquşduğu məkan olub. Gəncə sakinləri zəhmətkeş insanlardır. Elmar müəllimin Gəncədəki fəaliyyəti dövlətçilik prinsipi əsasındadır. Kimisə təhqir etmək, söymək fikirləri isə tamamilə absurddur. Elmar müəllimi tanıyan insanlar çox yaxşı bilir ki, o çox humanist, dövlətini və millətini sevən biridir. Çox təəssüflər olsun ki, bunu görüb, ancaq görməzlikdən gələn insanlar var”.

 

İ.Məmmədov deputat həmkarı Fəzail Ağamalının "İcra başçıları niyə mühafizəçi gəzdirməlidir, onlar xalqın yanında olmalıdır”  fikrinə də münasibət bildirib.

"Hamı bilir ki, Gəncə ölkəmizin ikinci ən böyük şəhəridir. Orada olan dövlət qurumlarının hər biri polis tərəfinfən mühafizə olunur. Təkcə İcra Hakimiyyətinin binası yox. Elmar Vəliyev xalqa, kütləyə açıq olan biridir. Mən Gəncədə tədbirlərə qatılan zaman dəfələrlə şahidi olmuşam ki, Elmar Vəliyev insanlarla rahat əlaqə yaradır, onların problemlərini dinləyir və lazımi addımlar atır. Necə ki, gəncəlilər bilir və Fəzail Ağamalı da bilməlidir ki, Elmar Vəliyev kabinetdə oturmur. O hər zaman insanların içərisində olur, tikinti meydanlarını gəzir, şəhərdə aparılan quruculuq işlərinə nəzarət edir və tapşırıqlarını verir. Belə bir halda Fəzail Ağamalının bu cür fikirlər səsləndirməsi təəssüf doğurur. 

Fəzail Ağamalı bilməlidir ki, Elmar Vəliyev xalqın içində olmasaydı, bu hadisə də baş verməzdi. Mən tam əminiklə deyirəm ki, Elmar Vəliyev gəncəlilərin sevimlisidir. Bu gün hər bir yerdə dövlət və icra strukturları polis tərəfindən mühafizə olunur. 

Fəzail Ağamalı bir çağırış (2000-2005) Yevlaxın deputatı olub. O, həmin illərdəki Yevlaxın vəziyyətini çox yaxşı bilir. O, bilir ki, Yevlaxda hansı inkişaf gedir. Parkların salınması, idarə və müəssiələrin, xəstəxanaların, təhsil ocaqlarının, bağçaların tikilməsi, yeni iş yerlərinin yaradılması əlbəttə ölkə başçısının diqqət və qayğısının nəticəsində olub. Ancaq cənab prezidentin tapşırıqlarını icra edən yerlərdəki məmurlardır.

 Möhtərəm prezident dəfələrlə Yevlaxa və Gəncəyə səfər edib. Oradakı yeniliklərin və quruculuq işlərinin şahidi olub. Belə olan halda bu cür populist çıxışlar etmək yersizdir. Hesab edirəm ki, mətbuatda çıxış edən hər bir şəxs diqqətli olmalıdır”.

İ.Məmmədov hazırda Elmar Vəliyevin səhhətinin normal olduuğunu bildirib:

"Mən Allahdan Elmar Vəliyevə şəfalar diləyirəm. Onun sağlamlıq durumu həkimlərin nəzarəti altındadır. Həkimlərin nəzarəti ilə müəyyən müalicə və müayinə kursları davam etdirilir. Mən Elmar müəllimə tezliklə öz şərəfli işinin başına dönməsini arzu edirəm. O, tezlikə sağalacaq və möhtərəm prezidentimizin tapşırdığı işlərə öz layiqli töhfəsini verəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR