Şriftin ölçüsü / 794 dəfə oxunub

Sabiq nazir Etibar Pirverdiyevi topa tutdu: "Ölkəyə xəyanət ediblər, "Azərenerji"də daha dərin araşdırma aparılmalıdır"

06 Iyul 2018 [12:57]

Mingəçevirdə İstilik Elektrik Stansiyasının bloklarının birində baş veriən qəza ölkənin enerji sistemini çökdürdü. Mövzu artıq qəza baş verən saatlardan bütün ölkə mediasının və sosial şəbəkələrin bir saylı müzakirə predmetinə çevrilib.

Hər kəs bu hadisəyə qiymət verməyə çalışır. Bu da təbidir, çünki bu gün insanın az qala su içməsindən tutmuş, nəfəs almasına qədər hər şey enerjidən asılı bir durumdadır. Elektrik enerjisi olmayanda demək olar ki, həyat dayanır.

Bəs ölkənin enerji sistemində birdən-birə belə ciddi qəzanın baş verməsinin səbəbləri nədir?

Bu və ya digər məsələlərlə bağlı sabiq maliyyə naziri Fikrət Yusifov Mia.az-a açıqlamasında deyib ki, son 15 ildə dövlət bu sahəyə digər  sahələrə göstəriləndən daha çox  vəsait və diqqət ayırıb: 

"Ölkə Prezidenti bu illər ərzində enerji sisteminin inkişafını bilavasitə öz nəzarəti altında saxlayıb. Nəticələr isə konkret, danılmaz faktlarla ölçülür. Əgər 2004-cü ilə qədər ölkəmizdə 3900 meqavat gücündə olan 9 elektrik stansiyası olubsa, 2004-2017-ci illər ərzində yeni və müasir, generasiya gücü 2500 meqavat olan 30 elektrik stansiyası tikilib istifadəyə verilib. Bu, Sovetlər dönəmi də daxil olmaqla, 2004-cü ilə qədərki 84 il ərzində mövcud olmuş elektrik stansiyalarının generasiya gücünün 64 faiz artırılması deməkdir. Cari ildə isə hökumət həmin artımın 74 faizə çatdırılmasını hədəfləyib. Biz indi nəinki ölkəmizin elektrik enerjisinə olan tələbatını tam ödəyirik, hətta bu enerjinin təlabatımızdan artıq ola bilən hissəsini ixrac da edirik".

"Bəs enerji sisteminin bu qədər uğurla inkişaf etdiyi bir dönəmdə belə bir fəlakət necə baş verə bildi? Kimdir bunu edənlər? Kimdir günahkarlar?" sualına gəldikdə isə sabiq nazir bildirib ki, bütün günahkarlar aşkar ediləcək: "Heç şübhəsiz onlar ciddi cəzalandırılacaqlar. Ancaq iqtisadiyyata dəymiş milyonlarla manat zərəri kim qaytaracaq? İnsanların keçirdiyi mənəvi sarsıntını kim bərpa edəcək?

Baş verən hadisənin bir tərəfində məmur peşəkarlığının aşağı olması dayanırsa, digər tərəfində ona göstərilmiş etimadın qarşılığındakı xəyanət durur. Bu xəyanətin kökündə isə tamahkarlığın bic övladı olan rüşvət və korrupsiya dayanır".

Fikrət Yusifovun sözlərinə görə, son illər ərzində "Azərenerji" ASC fəaliyyəti ən çox tənqid olunan təşkilatlar sırasındadır:

"Bu sahəyə hər il yüz milyonlarla vəsait ayrılmasına və dövlət zəmanəti ilə xaricdən kreditlər alınmasına, enerji qiymətlərinin artırılmasına baxmayaraq, "Azərenerji" ASC 2017-ci ildəki fəaliyyətini 2016-cı ildəkindən daha böyük ziyanla başa vurub. Bu, necə ola bilər? Burada ciddi araşdırmaya ehtiyac var. Belə araşdırma aparılarsa, bu halda Mingəçevirdə ölkənin enerji sistemini çökdürən qəzanın əsl səbəbləri də ortaya çıxacaq.

Hesab edirəm ki, Azərenerji ASC-nin bir neçə illik maliyyə-təsərrüfat fəaliyyəti dərindən təftiş edilməlidir. Bu təftişin başlıca vəzifələrindən biri isə istehsal olunan elektrik enerjisinin maya dəyərinin detallarla araşdırılması olmalıdır. Bax, onda sahənin hansı səbəblərdən ziyanla işləməsi aşkara çıxarılacaqdır. Heç şübhə etmirəm ki, ASC-nin ziyanla işləməsinin kökündə istehsal olunan elektrik enerjisinin maya dəyərinə kifayət qədər böyük məbləğlərlə ölçülən lüzumsuz xərclərin daxil edilməsi dayanır. Bu xərclərin elektrik enerjisinin maya dəyərinə daxil edilməsi fəaliyyətini mənfəətlə başa vurmalı olan Azərenerji ASC-də yüz milyonlarla manat zərər əmələ gətirir. Ölkənin enerji sisteminin bu vəziyyətə düşməsinin bilavasitə günahkarı məhz sahəyə başçılıq edən admdır. Bunun alternativi yoxdur".

Sabiq nazir sonda bildirib ki, bir sahənin başında oturan məmur əməllərinə görə özünə hesabat verməyi bacarmırsa, rüşvətxorluq və korrupsiya kimi murdarlıqlara qol qoyursa, deməli, xəyanət edir: "Hesab edirəm ki, belə xəyanətkarlar vəzifədən azad edilməklə canlarını qurtarmamalıdırlar. Yoxlama və araşdırmalarla onların öğurladığı milyonlar dövlətə qaytarılmalı, özləri isə əməllərinə görə qanun qarşısında cavab verməlidirlər, əks halda xəyanət etmək bacarığında olan bu pullu adamcıqların oğurladıqları pulların səsi bir müddətdən sonra Avropadan gələcəkdir".



SON XƏBƏRLƏR