Şriftin ölçüsü / 220 dəfə oxunub

YAP Siyasi Şurasının üzvü: "Bu insanların bir adı var: satqın, xəyanətkar..."

05 Iyul 2018 [18:04]
"Dünyada elə bir dövlət yoxdur ki, təbii fəlakətlərdən, hansısa qəzalardan sığortalansın. Biz zaman-zaman hətta dünyanın inkişaf etmiş ölkələrində belə təbii fəlakətlərin, qəzaların baş verməsinin, bunun nəticəsində xeyli sayda insanın zərər çəkməsinin şahidi olmuşuq. Lakin bu məqamda əsas olan fəlakətlərin, qəzaların nəticələrinin tez bir zamanda aradan qaldırılması, dövlət orqanları ilə yanaşı, sadə vətəndaşların da həmrəylik nümayiş etdirərək baş verənlərə daha dolğun, kamil şəkildə yanaşmalarıdır. Bir neçə gün öncə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təminatında yaranmış problemlərin tez bir zamanda aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Komissiyası yaradıldı, aidiyyəti qurumlar səfərbər edildi. Bununla baş verə biləcək daha böyük problemlərin qarşısı alındı, ölkənin enerji təminatı bərpa edildi.”

Bu fikirləri Mia.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında ölkənin enerji sistemindəki vəziyyətlə bağlı keçirilən müşavirədə də bu məsələlər ciddi şəkildə müzakirə edildi, dövlət başçısı xüsusi tapşırıqlar verdi: "Ölkə başçısı müşavirədə Dövlət Komissiyasının qarşısında dayanan vəzifələri xatırlatdı və qəzanın səbəblərinin aşkar edilməsinin vacibliyini bildirdi. Qarşıda duran əsas vəzifələrdən biri də görüləcək tədbirlər haqqında təkliflər vermək və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamaqdır. 

"Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır” deyən möhtərəm Prezidentimiz baş vermiş hadisəyə xüsusi həssaslıqla yanaşır və daim nəzarət edir. Təbii ki, insanların da bu məsələyə münasibəti xüsusi olaraq vurğulanmalıdır.

 Son bir neçə gündə Fövqəladə Hallar Nazirliyi və daxili işlər orqanlarının gördükləri təcili və təxirəsalınmaz tədbirlərlə yanaşı, sadə insanlar da bu məsələ ilə bağlı böyük məsuliyyət, əsl vətəndaş həmrəyliyi göstərdilər. Bir sözlə, dövlətimiz və cəmiyyətimiz bu çətin sınaqdan üzüağ və şərəflə çıxdı.”

"İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu hadisədən yenə də öz şəxsi maraqları, çirkin niyyətləri üçün istifadə etməyə çalışanlar da tapıldı: 

"Qeyd etdiyimiz kimi, son bir neçə gündə yaranan problemə Azərbaycan cəmiyyəti kifayət qədər dolğun, kamil reaksiya verdi və dövlət orqanları ilə birlikdə sadə insanlar da qəzanın nəticələrinin tez bir zamanda aradan qaldırılması üçün var qüvvəsi ilə çalışdı, hər kəs əlindən gələni etdi. Təəssüf ki, ölkə daxilindəki bəzi dağıdıcı müxalifət ünsürləri, eləcə də xaricdə oturub milli maraqlarımızı baltalamaqla məşğul olan erməni xislətli "soydaşlarımız” baş verənlərdən yenə də hansısa formada öz xeyirləri üçün "yararlanmağa” çalışdılar. Onlar sosial şəbəkələr vasitəsilə insanlara kriminal xarakterli çağırışlar edərək yenə çaşqınlıq yaratmağa, "sahiblərinin” sifarişlərini yerinə yetirməyə cəhd etdilər.

 Lakin unutdular ki, Azərbaycan cəmiyyəti 1991-1992-ci illərin cəmiyyəti deyil. Dövr dəyişib, insanlar bu cür yalanlara inanmırlar. Xaricdə oturub boş-boş danışmaqdan başqa işi-gücü olmayan bu ünsürlər fürsət düşən kimi Azərbaycanı gözdən salmağa çalışırlar. Bir insan öz vətəninə, millətinə qarşı bu qədərmi qərəzli olar?! Bu insanların bir adı var: satqın, xəyanətkar... Ancaq hər zaman olduğu kimi, yenə də onların qaranlıq arzuları ürəklərində qaldı. Vətəndən uzaqda ermənilərin və ermənipərəst dairələrin pulları ilə "bəslənən” belələrinin yeri ancaq tarixin zibilliyidir.”


SON XƏBƏRLƏR