Şriftin ölçüsü / 80 dəfə oxunub

Azərbaycan Şimali Koreyada səfirlik açdı - FOTO

05 Iyul 2018 [17:54]

Azərbaycanın iqamətgahı Pekin şəhərində olmaqla Koreya Xalq Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı etimadnaməsini Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yon Nama təqdim edib.

Bu barədə Azərbaycan XİN-dən Mia.az-a verilən məlumata görə, etimadnamənin təqdim edilməsi mərasimindən sonra səfir Əkrəm Zeynallı Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yon Nam ilə görüşüb.

Görüş zamanı Azərbaycan Respublikası ilə KXDR arasında ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində əməkdaşlıq, Koreya yarımadasında sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlar, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Söhbət əsnasında Azərbaycanın Qoşulmama Hərəkatının məqsəd və məramlarını təşviq etməsi təqdir olunaraq KXDR-in müvafiq səviyyədə Qoşulmama Hərəkatının 2019-cu ildə Azərbaycanda keçiriləcək XVIII zirvə toplantısında təmsil olunacağı qeyd olunub.

Həmin gün səfir Əkrəm Zeynallı KXDR xarici işlər naziri Ri Yon Ho ilə də görüşüb və ikitərəfli münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Nazir Ri Yon Ho Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin bu ilin aprelində Bakıda keçirilmiş toplantısı ilə əlaqədar Azərbaycana səfər etdiyini xatırlayaraq ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib.

Ə.Zeynallı Azərbaycanın inkişafı, ölkənin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, regiondakı vəziyyət, Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ədalətli həll edilməsi istiqamətində Azərbaycanın beynəlxalq ictimaiyyətlə birgə atdığı addımlar barədə məlumat verib.



SON XƏBƏRLƏR