Şriftin ölçüsü / 137 dəfə oxunub

"Mövcud generatorlarla qatarları hərəkətə gətirmək mümkün deyil" - Ekspertdən metrodakı vəziyyətə şərh

05 Iyul 2018 [14:35]
"Qatarların hərəkətini təmin etmək üçün lazım olan 825 voltluq generatorlar Bakı Metropolitenində yoxdur".

Bu sözləri Axar.az-a açıqlamasında metropoliten üzrə mütəxəssis Nəsimi Paşayev Prezident İlham Əliyevin ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə metropolitendə qatarların fəaliyyətini təmin edəcək generatorların qurulması üçün təkliflərin hazırlanması barədə göstərişini şərh edərkən deyib.

N.Paşayev qeyd edib ki, hazırda metropolitendə iki cür generator var: "Yarımstansiyalarda olan 220 voltluq generatorlar stansiyaların işıqlandırılmasını, 330 voltluq generatorlar isə böyük ventilyatorların hərəkətə gətirilməsini təmin edir. Ancaq metro qatarları adi cərəyanla deyil, yüksək cərəyanla hərəkət edir və mövcud generatorlarla qatarları hərəkətə gətirmək mümkün deyil. Qatarları hərəkətə gətirmək gücündə olan yüksək gərginlikli generatorlardan başqa ölkələrdə var. Belə generatorların texnoloji baxımdan Bakı Metropoliteninə tətbiq olunması mümkündür”.

Ekspert bildirib ki, hazırda Bakı Metropolitenində mövcud olan generatorlar hər zaman işlək vəziyyətdə olur və işıq kəsilən zaman fəaliyyətə başlayır: "Ötən gün baş verən qəza zamanı həmin generatorlardan doğrudan da tunellərin işıqlandırılmasında istifadə edilib və ventilyasiyalar da işləyib”.

Nəsimi Paşayev ventilyasilara rəğmən metronun havasız olmasını belə izah edib: "Metropolitenin havasız olması ölkədəki hava şəraitindən, istidən asılıdır. Çünki metrolarda kondisioner sistemi yoxdur. Havalandırma sistemi ayrı-ayrı nöqtələrdə olan ventilyatorlar vasitəsilə metronun içərisində, tunellərdə havanın sirkulyasiyasını həyata keçirir. Yəni süni külək yaradılır. Belə bir qayda var ki, havanın temperaturu bayırda 35 dərəcəni keçərsə, metronun içərisinə həmin havanın vurulması qadağandır. Çünki metropolitendəki temperatur çöldəkindən daha sərin olur”.

Qeyd edək ki, Prezident İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə metropolitenin fövqəladə vəziyyətlərdə qatarların hərəkətə gətirilməsi üçün generatorların olmamasını "acınacaqlı fakt” adlandırıb və bu cür generatorların quraşdırılması üçün təkliflər hazırlanmasını tapşırıb.


SON XƏBƏRLƏR