Şriftin ölçüsü / 245 dəfə oxunub

Tibb Universitetinin laborantını Polis Bölməsinin qarşısında kim öldürüb? - Şikayət

05 Iyul 2018 [13:55]
Bakı şəhərinin Nizami rayonunda Azərbaycan Tibb Universitetinin 36 yaşlı əməkdaşı İmaməliyeva Lalə Salman qızını avtomobil vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə iyun ayının 9-da baş verib.  Qadın rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin qarşısında yolu keçərkən onu naməlum avtomobil vurub. L.İmaməliyeva hadisə yerində ölüb.

L.İmaməliyevanın atası Mahmudov Salman Müzəffər oğlu "Report"a deyib ki, səhər saatlarında bölmənin qarşısında yolu keçmək üçün polis onun qızına kömək edib, amma yüksək sürətlə gələn avtomobil polisin qoluna dəyib və qızını vuraraq 4 metr kənara atıb: "Qızım başı üstə yerə düşüb və dərhal hadisə yerində ölüb. Bizə xəbər veriləndə onun meyiti morqda idi. Ölümündən bir aya yaxın vaxt keçir, amma hələ də bizə onun qatilinin kim olduğu deyilmir, nə də bizə hadisənin əks olunduğu video görüntünü göstərmirlər. İş Nizami Rayon Polis İdarəsinda aparılır, müstəntiq Elşən Bədirzadədir. Amma işə düzgün baxılmır, biz narazıyıq, şikayətçiyik. Heç kimi tutmayıblar, saxlamayıblar. Bizim onlara gücümüz çatmır".

O qeyd edib ki, mərhumun iki övladı var: "Qızım Azərbaycan Tibb Universitetində laborant işləyirdi. Övladlarının biri üçüncü, digəri yedinci sinifi bitirdi".

"Report" şikayətlə bağlı müstəntiq Elşən Bədirzadəyə müraciət edib. O isə cavabında Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağı məsləhət bilib.


SON XƏBƏRLƏR