İnsan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ictimai fəallığın artırılması... - "Ruh” Balakəndə tədbir keçirdi + FOTO

img

05-07-2018 [11:43]


"Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı "Elektron mediada və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ictimai fəallığın artırılması” layihəsi çərçivəsindəki ikinci toplantısını Balakən rayonunda təşkil edib.  

Birliyinin sədri Əvəz Rüstəmov rəhbəri olduğu layihənin əhəmiyyətli cəhətlərindən söz açıb.

 O bildirib ki, günümüzün ayrılmaz tərkib hissəsinə çevrilmiş elektron media və sosial şəbəkələr öz ətrafına daha çox əhali kütləsi toplamaqdadır. Mövcud proses bütün dünya ölkələri üçün xarakterikdir. Buna görə də sosial şəbəkələr artıq virtual deyil, real məkan statusundadır.

"Layihəmiz məhz bunun, eləcə də sosial şəbəkələrin mənfi və müsbət tərəflərinin diqqətə çatdırılması mahiyyəti daşımaqdadır. Azərbaycan dövləti çalışır ki, sosial şəbəkələr insan hüquq və azadlıqlarının həm ifadə vasitəsi, həm də bu azadlıqlara hörmət məkanı kimi özünü təsdiqləsin. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da məhz buna görə belə layihələri maliyyələşdirir. İstəyirik ki, qarşılıqlı diskussiyalarla cəmiyyət elektron mediada və sosial şəbəkələrdə qarşıya çıxan problemləri həll etsin. Buna görə sizlərin də müzakirələrdə aktiv iştirakını istərdik”, - deyə Ə.Rüstəmov vurğulayıb. Layihə rəhbəri həmçinin bildirib ki, sosial şəbəkələr vətəndaş jurnalistikasının inkişafında mühüm həlqəni təşkil edir. O, eyni zamanda sosial şəbəkələrdə yayılmış informasiyanın məsuliyyət yükü barədə də məlumat verib və əlavə edib ki, layihə çərçivəsindəki növbəti toplantılar Masallı və Şabran rayonlarında gerçəkləşdiriləcək. 

"Elektron mediada və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ictimai fəallığın artırılması” layihəsinin eksperti, "Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə də çıxışına sosial şəbəkələrin məsuliyyət yükü barədə ətraflı məlumat verməklə başlayıb. 

"İndi bəzi stereotiplər arxa plana keçib. Əgər əvvəllər sosial şəbəkələr bir növ, şeytan əməli kimi qiymətləndirilirdisə, indi ictimai rəyin başlıca formalaşdırılması vasitəsidir. Eləcə də elektron media. Ancaq bu müstəvidə problemlər yetərincədir. Biz də istərdik ki, burada həmin problemləri sizlərlə birgə müzakirə edək, çıxış yolları müəyyənləşdirək”, - deyən S.Verdizadə həmçinin elektron media və sosial şəbəkələrlə bağlı yerli və beynəlxalq qanunvericilikdə rast gəlinən ayrı-ayrı məqamlar, bu məkanda müzakirə edilən mövzuların spesifikası, informasiya təhlükəsizliyi və şəxsi həyatın toxunulmazlığı baxımından nəzərə çarpan meylləri açıqlayıb, iştirakçıların suallarını cavablandırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR