"Məmurların ayırılan pulları basıb yeməsi çox acınacaqlı vəziyyət yaradıb" - Partiya sədri

img

04-07-2018 [16:24]


Dünəndən ölkədə böyük səs-küyə səbəb olub rezonans yaradan Gəncə Şəhər İcra başçısı Elmar Vəliyev və onun cangüdəninin güllələnməsi barəsində hər kəs bir fikir söyləyir. Kimisi bu hadisənin sifarişli şəkildə baş verdiyini deyir, kimisi Elmar Vəliyevin Gəncə əhalisi ilə olan münasibətinin normal olmamasını səbəb kimi göstərir. 

Müasir Musavat partiyasının sədri Hafiz Hacıyev Azerbaycanrealligi.com-a açıqlamasında deyib ki, bu hadisə çox məyusedici bir hadisədir və buna heç kim sevinə bilməz: 

"Mən təəssüf edirəm ki, ölkədə belə hallar artıq adət-ənənə halı alıb. Azərbaycanın ikinci böyük bir şəhərinin icra başçısına bu dərəcədə qəsd edilməsi, təsdiqini tapmayan məlumata görə onun mühafizəçisinin həlak olması bu ölkədəki vəziyyətin yaxşı olmayan durumundan xəbər verir. Mən dəfələrlə demişəm ki, ölkədə milli barışığa ehtiyac var. 

Milli barışıq olmayan yerdə, xalqla düzgün rəftar olmayan yerdə, əlbəttə ki, ölkədə böyük qarışıqlıq yaranacaq. Bu hadisə Azərbaycanda olacaq böyük təxribatların başlanğıcıdır. Mən çox təəssüf edirəm ki, belə halın tez-tez olacağı gözlənilir. Bizdə də ciddi məlumat var ki, müəyyən qüvvələr Azərbaycanda aranı qarışdırmaq istəyir. Məsələn, işıqların sönməsi, Bakıda metroların dayanması, Bakıda suyun olmaması, bütün bunlar ciddi nələrinsə olacağından xəbər verir. Belə hallara barmaqarası baxmaq olmaz. Bu sahəyə baxan məmurların yalançı məlumatlar verməmələri, bu sahəyə ayırılan pulların basıb yeyilməsi çox acınacaqlı vəziyyət yaradıb. Bizdə olan məlumata görə Azərenerji bu sahələrin yenidən qurulması üçün banklardan 4 milyard manat pul götürmüşdür. Bəs o pullar hara gedibdir? Bu pulların taleyi necə olubdur bilən yoxdur."

Hafiz Hacıyev Elmar Vəliyevin güllələnməsinin sifariş olub olmamasına da münasibət bildirdi:

 "Əlbəttə, hər şey gözlənilir. İndi istintaq gedir. Sifariş də ola bilər, Elmar müəllimin Gəncə əhalisi ilə düzgün davramamasının da nəticəsi ola bilər. Milləti incitmək olmaz. Azərbaycan xalqını çox incitmək olmaz. Bu xalq hər şeyə dözür, amma bəzi məsələlərə dözmür. Bilirsiniz, bəzən olur sosial ədalətsizliklərə yol verirlər, bəzən haqqsızlıq olur, yəni bunların fəsadları hər şeyə gətirib çıxara bilər. Amma mən bunu qəbul etmirəm ki, Azərbaycan dövlətinə bu qədər zərbə vurulsun. Bu çox böyük utancverici haldır. Bu cür hadisələr davam etsə, ölkədə xoşagəlməz hallar daha da artacaqdır. Bu məsələlərdə heç kim sevinməməlidir. Biz yenə də dövlətin yanındayıq. Dövlətçiliyə sadiq insanlarıq və düşünürəm ki, bu yolda da sona qədər davam etməliyik. Müəyyən qüvvələr var ki, bu hallardan ustalıqla istifadə edir. Həm xarici kəşfiyyat, həm Azərbaycan daxilində olan müəyyən qüvvələr görürsüz ki, xalqı küçələrə səsləyir. Azərbaycan xalqı bu cür təxribat xarakterli çağırışlara getməməlidir. Bizim də bu gün böyük tədbirimiz oldu. Rayon təşkilat rəhbərlərinə ciddi şəkildə məlumat verdik ki, xalq arasında xalqı sakitliyə dəvət etsinlər, emosiyalara uymamağa çagırsınlar, xalqla ciddi şəkildə işləsinlər, xalqın dövlətə olan inamı yüksək olsun, prezident seckisində verdiymiz vədlərə bir daha sadiq olsunlar və heç bir provokasiyaya uymasınlar. Mən belə bir təlatümlü halda xalqımızı sakitliyə, təmkinli olmağa dəvət edirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR