Dünya Bankı Cənub Qaz Dəhlizinə 750 mln. dollarlıq zəmanət verib

img

30-06-2018 [11:21]


"Cənub Qaz Dəhlizi" QSC tərəfindən Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin zəmanəti ilə Trans-Anadolu Boru Kəməri layihəsinin maliyyələşdirilməsi üçün 750 mln. ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit müqaviləsi imzalanıb.

Bu barədə "Cənub Qaz Dəhlizi" QSC-dən məlumat verlib. Ötən gün Cənub Qaz Dəhlizi ("CQD”) layihəsinin tərkib hissəsi olan Trans-Anadolu Boru Kəməri ("TANAP”) layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının dövlət zəmanəti, habelə Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin ("MIGA”) zəmanəti ilə 500 mln. ABŞ dolları və 215 mln. avro ilə, ümumilikdə 750 mln. ABŞ dolları məbləğində sindikatlaşdırılmış kreditin "Cənub Qaz Dəhlizi” QSC-yə ("CQD QSC”) ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanıb.

Kredit müqaviləsinə dair dövlət zəmanəti müqaviləsini Azərbaycan Respublikası adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə CQD QSC-nin Baş direktoru Əfqan İsayev imzalayıb.

Xatırladaq ki, MIGA 1988-ci ildə Dünya Bankı Qrupunun tərkib hissəsi kimi üzv ölkələrdə birbaşa investisiyaların stimullaşdırılması məqsədilə yaradılan beynəlxalq maliyyə-kredit institutudur. Bu qurum investisiyaların qeyri-kommersiya risklərdən sığortalanmasını həyata keçirir. Azərbaycan Respublikası 1992-ci ildə Dünya Bankının, o cümlədən MIGA-nın üzvü olub.

CQD QSC-nin Baş direktoru Əfqan İsayev CQD layihələrində görülmüş işlər barədə məlumat verib: "Layihəyə bir çox aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyə dəstəyi göstərilib və artıq TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. Bu gün, iyunun 30-da Türkiyəyə ilk kommersiya qazının tədarükü başlandı. Yaxın gələcəkdə Türkiyədən keçməklə, Avropaya təbii qazın verilməsi üçün nəzərdə tutulmuş işlər qrafikə uyğun olaraq davam etdirilir. Layihə çərçivəsində "Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi ("SD2”), habeləCənubi QafqazBoru Kəməri sisteminin Genişləndirilməsi ("SCPX”) üzrə ilk kommersiya qazın çatdırılmasına dair işlər 100.0 faiz yerinə yetirilib. Eyni zamanda TANAP-ın inşası üzrə işlərin 94.8 faizi, Trans-Adriatik Boru Kəmərinin ("TAP”) inşası üzrə isə işlərin 74.6 faizi icra edilib. Tikinti işləri uğurla davam etdirilir. SD2 layihəsi üzrə ümumi kapital xərclər hazırda 22.7 milyard ABŞ dolları (2018-ci ilin may ayının sonuna 17.8 milyard ABŞ dolları xərclənmişdir), SCPX layihəsi üzrə – 4.5 milyard ABŞ dolları (2018-ci ilin may ayının sonuna 4.2 milyard ABŞ dolları xərclənmişdir), TANAP layihəsi üzrə – 8.0 milyard ABŞ dolları (2018-ci ilin may ayının sonuna 5.5 milyard ABŞ dolları xərclənmişdir) və TAP layihəsi üzrə – 4.5 milyard avro (2018-ci ilin may ayının sonuna 3.0 milyard avro xərclənmişdir) məbləğlərində qiymətləndirilir. CQD QSC-nin 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11.4 milyard ABŞ dolları təşkil edir. 2018-ci ilin may ayının sonuna artıq 9.1 milyard ABŞ dolları (təqribən 80%) investisiya edilib”.

Qeyd edək ki, CQD layihəsinin məqsədi SD2 layihəsini həyat keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilən Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikilən TANAP və TAP vasitəsi ilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

CQD QSC Azərbaycan Respublikası Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub