AzTV sədrinə sui-qəsd ittihamı - Prosesdə video-faktlar göstərildi

img

29-06-2018 [17:23]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Yaşar Eyyubov ifadə verib.

O, notariat konturunun rəhbəri olduğunu söyləyib: "Məni polis idarəsinə dəvət elədilər. Orada Şücayət Əkbərov keçmiş həyat yoldaşı Səliməyə notarial qaydada etibarnamə verdi. Bunlar hamısı könüllü şəkildə oldu. Həmin vaxtı Şücayət polis tərəfindən həbs edilmişdi".

Təqsirləndirilən Ş.Əkbərovla şahid arasında mübahisə yaranıb.

Hakim Ş.Əkbərova xəbardarlıq edib və onu zaldan çıxarıb.

Buna etiraz edən Ş.Əkbərovun qızı və keçmiş həyat yoldaşı da məhkəmə zalından çıxarılıb.

Prosesdə fasilə elan edilib.

Fasilədən sonra iclas davam etdirilib.

Prosesdə istitaq dövründə Ş.Əkbərov və Q.Cebiyev arasında üzləşmə anının görüntüləri izlənilib.

Həmin görüntülərdə Q.Cəbiyev söyləyib ki, Ş.Əkbərov ona düşməninin olduğunu, həmin şəxsə pul borcunun olduğunu deyib: "Bildirdi ki, onu öldürmək istəyirlər. Mən də kim olduğunu soruşdum. Dedi ki, televiziyada işləyən adamdır. Biz də plan qurduq. Plana əsasən, onları öldürəcəkdik. Zöhrabı Şücayətlə mən tanış etmişəm. Onunla danışdıq. O da Arifi vurmaq üçün Şücayətə kömək edəcəkdi. Bunun qarşılığında Zöhraba 100 min manat verəcəkdi. Bir də 7 min manata "Niva" aldı. Ümumiyyətlə, bu cinayətə bizi Şücayət Əkbərov sövq edib".

Həmin görüntülərdə Ş.Əkbərov A.Alışanova sui-qəsd etməsini nə təsdiq edib, nə də təkzib edib.

Daha sonra prosesdə Z.Şirinovla Ş.Əkbərov istindaqdakı üzləşməsinin götüntüləri izlənilib.

Həmin görüntülərdə Z.Şirinov da A.Alışanova sui-qəsd təşkil etdiklərini etiraf edib: "Qoçalı bizi tanış elədi. 100 min manat qarşılığında Arif Alışanovu öldürəcəkdik. İlk olaraq 7 min manata mənə "Niva" aldılar".

Ş.Əkbərov məhkəmədə bildirib ki, həmin ifadələri təzyiq altında verib.

Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib.

İttiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O həmçinin A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitlərini və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR