Nazirliyin sektor müdir direktor təyin olundu - Mədəniyyət Nazirlikdə dəyişiklik

img

29-06-2018 [12:27]


Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına direktor təyin edilib.

Bu barədə Mia.az-a Mədəniyyə Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, İsmayılzadə Naidə Məbud qızı Bakı şəhərində anadan olub.

O, 1981-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatrşünaslıq” fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1981–ci ildə "Azərbaycanfilm” Kinostudiyasında başlayan N.İsmayılzadə 1984-1989-cu illərdə Azərbaycan Dövlət Filarmoniyasında böyük redaktor kimi işləmişdir.

1989-2006-cı illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində, 2006 -2018– ci illərdə isə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində çalışan N.İsmayılzadə burada işlədiyi müddətdə Nazirliyin İncəsənət İdarəsində baş inspektor, repertuar-redaktor kollegiyasının üzvü, baş mütəxəssis, Teatr sektorunun müdiri kimi vəzifələri icra etmişdir. N.İsmayılzadə 2018-ci il iyun  ayının 1-dək Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsi Teatr sektorunun müdiri vəzifəsində çalışmışdır. O, dövlət qulluğunun kiçik müşaviridir. N.İsmayılzadə Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarına əsasən respublikada keçirilən bir çox irimiqyaslı dövlət səviyyəli tədbirlərin, Bakı Beynəlxalq Teatr Konfransının, Cırtdan Beynəlxalq Kukla Teatrları Festivalının, Şəki Beynəlxalq Teatr Festivalının təşkilatçılarından, "Teatr və Teatr fəaliyyəti haqqında” Qanunun, "Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müəlliflərindən biridir. "Yaddan çıxmaz Qarabağ”, "Deyilən söz yadigardır”, "Bakıda teatr görüşləri” layihələrinin rəhbəridir.

N.İsmayılzadə bədii tərcümə ilə də məşğul olur. Onun türk dilindən tərcümə etdiyi  T.Cücenoğlunun "Qadıncıqlar”,  T.Özakmanın  "Ocaq”, S.Şendilin "Yeddi ərli  Hürmüz ”, rus dilindən tərcümə etdiyi E.Filipponun "Vinçenso de Pretori”, A.Ekzüperinin "Balaca şahzadə”, B.Şounun "Piqmalion”, A.Saqarelinin "Xanuma” əsərləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında , Azərbaycan Dövlət Musiqili Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında, Gəncə Dövlət Dram Teatrnda, İrəvan Dövlət Azərbaycan Dram Teatrında tamaşaya qoyulmuşdur.

Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Azərbaycan Respublikasının  Prezidentinin Sərəncamına əsasən N.İsmayılzadə 2009-cu ildə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının keçmiş direktoru Mübariz Həmidov isə yeni vəzifəyə təyinat alacaqdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR