"Bu görüş Putin üçün daha vacibdir, çünki..." - Politoloqdan Tramp-Putin görüşünə maraqlı reaksiya

img

28-06-2018 [23:47]


"ABŞ Prezidenti Donald Tramp qatı düşməni – Şimali Koreya lideri Kim Çen Unlə görüşdən sonra həvəslənərək, rusiyalı həmkarı Vladimir Putinlə də görüşməyə qərar verdi. Bu məqsədlə o, milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu Moskvaya göndərdi. Bolton Rusiyanın ən qatı tənqidçilərindən sayılır. Buna baxmayaraq, şefinin tələbi ilə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdü. Bu görüşdə prezidentlərin görüş yeri və tarixi müəyyənləşdi”.

Mia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə,  görüşün təşəbbüskarı Tramp olsa da, bu görüş Putin üçün daha vacibdir. Çünki Rusiya Qərbin sərt sanksiyaları altındadır və Putinlə görüşmək istəyən Qərb liderləri azdır:

"Avropada tək-tük ölkə lideri var ki, Putini ölkəsinə səfərə dəvət edə bilər. Trampla görüş Putinin beynəlxalq aləmdə mövqelərini gücləndirməyə xidmət edir. Əlbəttə, bu görüşdə ciddi nəticə əldə olunmayacaq. Çünki iki ölkə arasında o dərəcədə dərin fikir ayrılıqları var ki, hansısa sənədin imzalanması ehtimal edilmir. Ancaq Trampla əl sıxışmağın özü belə Putinə əlavə dividentlər gətirəcək”.

Elxan Şahinoğlunun sözlərinə görə, bütün bunlara görə  Trampa qarşı Konqres daha da sərtləşəcək: "Putin də bunu bilir. Digər tərəfdən, Putinin o da xoşuna gəlir ki, birincisi, Tramp Ukrayna məsələsində israrlı deyil, tam əksinə, Ukraynanı korrupsiyalaşmış dövlət hesab edir, ikincisi, Rusiyanı "böyük yeddilər”ə qaytarmaq istəyir. Putinin əsas istəyi Trampın Krımı unutmasıdır. Avropa da bundan qorxur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR