"Yeni məruzəçi siyasi məhbus anlayışını bir kənara qoyarsa..." - Səməd Seyidov AŞPA-ya meydan oxudu

img

28-06-2018 [13:12]


 "AŞPA daxilində Azərbaycana qarşı tənqidlər və qeyri-obyektiv cəhdlər var. Ancaq bununla belə, Azərbaycanın və onun nümayəndə heyətinin mövqeyi eşidilir". 

Bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. 

O, Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın vitse-prezident vəzifəsinə yenidən təsdiqləndiyini bildirib: "Halbuki bəziləri bunun mümkünsüz olduğunu düşünürdü. Hətta Azərbaycan nümayəndə heyətinin üzvləri məruzəçi seçiliblər. Məsələn, Elşad Həsənov Hüquq məsələləri və insan haqları komitəsinin məruzəçisi təyin edilib.  Ümumiyyətlə, azərbaycanlı avroparlamentarilər siyasi qruplarda çox fəaldırlar. Ən əsası da nümayəndələrimiz öz çıxışlarında Azərbaycanın mövqeyini AŞPA üzvlərinin diqqətinə çatdırmaqdadırlar".

S.Seyidov həmçinin vurğulayıb ki, AŞPA-da müxtəlif qruplar Azərbaycana problem yaratmağa çalışırlar: "Onların içərisində Azərbaycanda guya siyasi məhbusların olduğunu iddia edənlər var və bununla əlaqədər məruzəçi təyin olunub. Biz bu məsələylə bağlı konkret olaraq öz mövqeyimizi ortaya qoymuşuq. Yəni konstruktiv dialoqla insan haqları məsələsinin araşdırılması, onların həlli istiqamətində bütün öhdəliklərimizi yerinə yetirməyə hazırıq. Ancaq insan haqları məsələsinin siyasiləşdirilməsinin, onun bir təzyiq vasitəsi kimi Azərbaycana qarşı tətbiqinin qəti əleyhinəyik. Əgər yeni təyin olunmuş məruzəçi də bu məsələləri başa düşərsə, siyasəti, siyasi məhbus anlayışını bir alət kimi AŞPA-nın bəzi nümayəndələrindən fərqli olaraq kənara qoyarsa, insan haqları məsələsinə obyektiv yanaşarsa, heç bir problemimiz olmayacaq. 

Biz buraya insan haqları məsələsini müdafiə etməyə gəlmişik. Əks təqdirdə məsələ siyasiləşdiriləcəksə və təzyiq vasitəsi kimi Azərbaycana qarşı istifadə ediləcəksə, biz bunun hər zaman əleyhinə olmuşuq və olacağıq da. Azərbaycan məruzəçilərin şəxsiyyəti ilə bağlı heç bir fikir söyləmir və belə bir mövqedə də deyil. Biz məruzəçilərin fəaliyyətinə münasibət bildiririk. Əgər onların fəaliyyəti obyektiv olacaqsa lap yaxşı, əks təqdirdə, zəruri addım atmaq məcburiyyətində qalacağıq"/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR