"Bu məsələdə fürsətçil davranmaq, dar taktiki maraqları əsas götürmək yanlışdır” - Əli Əliyev

img

28-06-2018 [00:02]


"Rəcəb Təyyub Ərdoğan başda olmaqla AKP bir daha xalqın dəstəyinə malik olduğunu demokratik şəraitdə nümayiş etdirə bilib. Bu seçkilərin nəticələri Türkiyənin xeyrinə olacaq. Ərdoğanın Türkiyə timsalında etdikləri türk və islam dünyası üçün strateji işlərdir".

Mia.az xəbər verir ki, bu fikirləri Teleqraf.com-a Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

O, bildirib ki, Türkiyənin xarici bağlardan azad olması, daxili məsələlərdə sərbəst qərar vermək imkanları, ordunun kənar nəzarətdən çıxarılması, ölkə daxilində uzun illərdir dövləti təhdid edən PKK ilə sərt mübarizə aparılması, ölkə daxilində terror təşkilatının zərərsizləşdirməsi, ölkə xaricində YPG və bənzər terror təşkilatlarının sıradan çıxarılması Ərdoğanın uğurlu siyasətidir.

Ə.Əliyevin fikrincə, Türkiyə bölgənin aparıcı dövlətinə, söz sahibinə çevrilir: "Türkiyə NATO-dakı müttəfiqlərini onunla hesablaşmağa vadar edir. Ciddi silah istehsalatçısına çevrilir, dünyanın logistik mərkəzi olmağı hədəfləyir. Bunlar müsbət işlər olmaqla yanaşı, Azərbaycanın xeyrinə olan addımlardır. Ərdoğan hakimiyyəti dövründə bizim neft kəmərinin sabit işləməsinin şahidi olduq. Eləcə də dünyanı dəyişə biləcək TAP və TANAP enerji xətləri təşəkkül tapır, Bakı-Tbilisi-Qars dəmir yolu tikildi. Nəzərə almaq lazımdır ki, TANAP təkcə Azərbaycan deyil, Orta Asiya qazına hesablanan layihədir.

Müqayisə üçün deyim ki, buna bənzər bir layihə olub. Qətər qazının Suriya üzərindən Türkiyə vasitəsilə daşınması məsələsi var idi. Məhz bunun qarşısını almaq üçün 20 milyonluq Suriya dövləti viran qoyulub. Amma Azərbaycanın TANAP layihəsinə müəlliflik etməsi Türkiyənin dəstəyi ilə baş tutub. Heç kəs də Azərbaycanın üzərinə gəlməyə cəsarət etməyib. Çünki bu layihənin arxasında həm Azərbaycan, həm də Türkiyə dövlətinin iradəsi, siyasi qətiyyəti durub. Ərdoğanın hakimiyyəti boyunca biz Türkiyənin Qarabağ məsələsində birmənalı mövqeyini görmüşük. Ordu bayramı günündə "Türk şahinləri”nin Azərbaycan səmasında uçması iki ölkənin orduları arasında yüksək səviyyəli əlaqələrin nümunəsidir. Mən gözləyirəm ki, Ərdoğanın bu siyasəti davam edəcək. Məncə, bu məsələdə fürsətçil davranmaq, dar taktiki maraqları əsas götürərək, fikirlər işlətmək yanlışdır”.

Sosial şəbəkələrdə fərqli fikirlərin olduğuna diqqət çəkən VİP sədri deyib ki, Azərbaycan vətəndaşları türk seçicinin verdiyi qərara sayğı nümayiş etdirməlidir:

"Türk xalqı Ərdoğanı yenidən hakimiyyətdə görmək istəyib və buna qərar verib. Digər tərəfdən, orta statistik Azərbaycan vətəndaşına Türkiyənin ən yaxın partiyası Millətçi Hərəkat Partiyasıdır (MHP). MHP isə seçkilərdə Ərdoğanı dəstəkləmək qərarı vermişdi. Bütün bunların olduğu şəraitdə sosial şəbəkələrdə bəzi vətəndaşlarımızın Ərdoğana fərqli münasibət sərgiləməsi yanlışdır, subyektiv məqamdan qaynaqlanır. Azərbaycan müxalifəti bu məsələlərə yetkin yanaşmalı, Türkiyədə keçirilən seçkiləri türk xalqının iradəsi baxımından ədalətli qiymətləndirməlidir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR