Şriftin ölçüsü / 221 dəfə oxunub

Raquf Orucova həsr edilən film: "Ruhun həsrəti - Təqdimat oldu + ÇIXIŞLAR

27 Iyun 2018 [13:55]
Bu gün BMM də "Bitməyən müharibənin qəhrəmanları" silsiləsi çərçivəsində Aprel döyüşlərində Azərbaycan Ordusunun şəhid polkovniki, Raquf İbrahim oğlu Orucovun təkrarsız ömür yoluna həsr edilən "Ruhun həsrəti" filmi təqdim edilib.

Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, millət vəkili Aqil Abbas, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva, akademik Gövhər Baxşəliyeva,  Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ ) sədri Müşfiq Ələsgərli, Ağdam rayon İH-nin müavini Arzu Rəhimova, tanınmış sənət adamlarından Mənsum İbrahimov və bir sıra başqa simalar iştirak ediblər.

Tədbiri giriş çıxışı ilə Əflatun Amaşov açıb. O bildirib ki, bu günə qədər Azərbaycanın qəhrəman oğullarının xatirəsinə həsr edilən 10-a yaxın film çəkilib:

"Bu gün təqdimatına yığışdığımız film isə Aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr edilib. Dünən Azərbaycan Ordusun 100 illiyi təntənəli şəkildə qeyd olunub. Güclü ordumuz sayəsində torpaqlarımız yaxın zamanda azad olunacaq və bütün şəhidlərimizin intiqamı alınacaq. Fürsətdən istifadə edərək dünən vəfat edən ölkənin müharibə dövrlərini çəkmiş ilk operatoru Seyidağa Mövsümova da Allahdan rəhmət diləyirəm".

Filmlə bağlı təəssüratlarını bölüşən Gövhər Baxşəliyeva filmin Raquf Orucovun həyatını çox gözəl təsvir etdiyini deyib:

"Raquf kimi şəhid oğullarımızın səyi nəticəsində bu gün varıq. Ümid edirəm ki, məhz bu şəhidlərimiz qədər şücaətli əsgərlərimiz sayəsində Qarabağımızı da alacağıq. Raqufun xanımı, övladları daim bizim və dövlətimizin diqqətində olacaq. Şəhid övladlarına və ailələrinə borcumuzu heç olmasa bu yolla, daim qayğı və diqqətlə ödəməliyik. Filmin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə dərin təşəkkürümü bildirirəm".

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva  filmin ərsəyə gəlməsində köməklik göstərən şəxslərin bu addımının təqdirəlayiq olduğunu bildirib:

"Şəhidlərimizi unutmaq olmaz. Şəhidlər İlahi tərəfindən mükafatlandırılan insanlardır. Bu insanlar doğulan zaman qanında vətən sevgisi olur. Ona görə vətən uğrunda mübarizəyə gedən qəhrəmanlarımızın geridə qoyduqları övladları, anaları, ailə yaxınları vətəndən bir pillə geridə qalır".

Millt vəkili Aqil Abbas çıxış edərək şəhidlərdən halallıq istənilməli olduğunu bildirib:

"Şəhidlərimiz canını torpağa qurban edib ki, övladları şəhid olmasın. Müharibənin olmadığı ölkədə yaşasınlar. Televiziyalarımız bu cür filmləri daha çox işıqlandırmalı, təbliğ etməlidir. Çünki bu cür qəhrəmanlıq, vətənpərvərlik haqqında çəkilən filmlər izləyicilər tərəfindən daha çox baxılır. Bu, hadisələrin təfərrüatını daha böyük kütləyə çatdırmaq üçün gözəl vasitədir. Vətən oğlu, ruhun şad olsun!"

"Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı da çıxışında bildirib ki, bu istiqamətdə təbliğatın aparılması üçün əlimizdən gələni etməliyik:

"Şəhidlərimizi gənclərə tanıtdırmalıyıq. Şəhidimizin xanımı Sevinc Orucovanın və övladlarının nələr çəkdiyini biz o dərəcədə bilə bilmərik. Amma siz çox güclü qadınsız. Şəhidlik böyük mərtəbədir və bu, hər kəsə nəsib olmur. Sizin həyat yoldaşınız çox böyük mərtəbəyə çatıb və siz onun yolunu layiqli şəkildə davam etdirirsiniz. Biz şəhidlərimizi göz yaşı ilə deyil, xoş xatirələrlə yaşatmalıyıq. Raquf Orucovun timsalında bütün şəhidlərimizə rəhmət diləyirəm və bu filmin ərsəyə gəlməsində əməyi olan kəslərə təşəkkürümü bildirirəm".

Son olaraq Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova çıxış edərək, vətənin qəhrəman oğluna sahib çıxan hər kəsə təşəkkür edib:

"Məni mən edən Raquf Orucov olub. Mən bu gün onun sayəsində varam. Təkcə Raquf Orucov yox, digər şəhidlərimiz də vətən uğrunda canlarını qurban veriblər. Dünən ordumuzun 100 illiyində Raquf Orucovu görmədim və əzab çəkdim. Onunla çəkdiyim bütün çətinliklər mənə asan gəlirdi. Amma onsuzluq mənim üçün çox ağırdı. Hər kəsdən xahiş edirəm ki, vətənpərvərlik ruhunu itirməyək. Torpaqlarımıza, dəyərlərimizə sahib çıxaq".

Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupunun təşəbbüsü ilə hazırlanan filmin ssenarisi şəhidin həyat yoldaşı Sevinc Orucovaya məxsusdur. Filmin rejissorları Kəmalə Mirzəyeva və Miranə İsmayıl, layihənin rəhbərləri Ə.Amaşov və Bəxtiyar Qaracadır/Kult.az.


SON XƏBƏRLƏR