Şriftin ölçüsü / 93 dəfə oxunub

Naziri Pərviz Şahbazov ABŞ-da bir sıra görüşlər keçirib - Müzakirə + FOTO

26 Iyun 2018 [17:32]

Energetika naziri Pərviz Şahbazov 25-29 iyun tarixlərində keçiriləcək 27-ci Ümumdünya Qaz Konfransında iştirak etmək üçün ABŞ-ın paytaxtı Vaşinqtonda səfərdədir.

Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, konfrans çərçivəsində BP, Chevron, Exxon, SNAM və digər beynəlxalq neft-qaz, neft-kimya, eləcə də bərpa olunan enerji mənbələri üzrə şirkətlərin iştirakı ilə dəyirmi masa keçirilib.

Dəyirmi masada energetika naziri Pərviz Şahbazov beynəlxalq enerji şirkətləri ilə 20 ildən artıq bir müddətdə həyata keçirilən əməkdaşlıqdan danışıb. Nazir Azərbaycanın enerji təhlükəsizliyinin təminatçısı kimi qəbul olunması, beynəlxalq əhəmiyyətli enerji mənbəyi və enerji təchizatı sisteminin mühüm bir hissəsinə çevrilməsində xarici şirkətlərlə əməkdaşlığın rolunu yüksək qiymətləndirib. Bildirilib ki, Azərbaycan ərazisindən keçən enerji dəhlizləri və karbohidrogen resurslarının qərb bazarlarına çıxarılması, nəticədə region ölkələrinin inkişafı məhz beynəlxalq neft-qaz şirkətləri ilə əməkdaşlığın töhfələridir.

Azərbaycanın aparıcı xarici neft, enerji şirkətləri ilə uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratdığını vurğulayan nazir hazırda reallaşdırılan "Cənub Qaz Dəhlizi” layihəsini bu əməkdaşlığın nailiyyəti kimi qiymətləndirib.

"Ötən il Azəri-Çıraq-Günəşli müqaviləsinin müddətinin 2050-ci ilə qədər uzadılması, apreldə BP ilə SOCAR arasında növbəti kontraktın, eləcə də Equinor şirkəti ilə bu yaxınlarda müvafiq sazişlərin imzalanması ilə əməkdaşlığımızda yeni və uzunmüddətli mərhələ başlayır”, - deyə nazir əlavə edib.

Nazir bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün də böyük imkanların olduğunu diqqətə çatdırıb.

Səfər proqramına uyğun bir neçə görüşlər də keçirilib. Energetika naziri Pərviz Şahbazovun Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşündə Azərbaycanla Avropa İttifaqı arasında enerji sektorunda əməkdaşlığa dair məsələlər, birinci hissəsi istismara verilmiş "Cənub Qaz Dəhlizi”nin icrasının növbəti mərhələləri, xüsusilə də Trans-Adriatik (TAP) qaz boru kəməri layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Qlobal qaz sektorunda cərəyan edən proseslər, həyata keçirilən qaz ixrac layihələri və onların perspektivləri müzakirə edilib.

Sonra Pərviz Şahbazovla bir çox ölkələrin qaz-sənaye təşkilatları və müəssislərini özündə birləşdirən Beynəlxalq Qaz İttifaqının prezidenti Joe-Myung Kang arasında görüş olub. Söhbət zamanı təşkilatın qaz hasilatı, nəqli, saxlanması, paylanması və istifadəsi kimi fəaliyyət istiqamətlərindən irəli gələn məsələlərdən danışılıb. Beynəlxalq Qaz İttifaqı ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyi qeyd olunub və Azərbaycan təşkilatın tədbirlərində müntəzəm iştiraka dəvət edilib.

ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə katibinin müavini Dan Brouillette ilə də görüş keçirilib. Görüşdə iki ölkənin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlıq məsələləri, həyata keçirilən enerji layihələri və Azərbaycanın enerji sektorunda aparılan islahatlar müzakirə edilib. "Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi prosesinə ABŞ-ın davamlı dəstəyi təqdir olunub. Xüsusilə də bərpa olunan enerji sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib. Dan Brouillette bu sahədə təcrübə mübadiləsinin aparılmasını və ekspert dəstəyini təklif edib.

Qeyd edək ki, 27-ci Ümumdünya Qaz Konfransında da energetika naziri Pərviz Şahbazovun çıxışı nəzərdə tutulub. Hər üç ildən bir keçirilən Ümumdünya Qaz Konfransı təbii qaz sənayesinin siyasi, texniki və iqtisadi məsələlərinin müzakirə edilməsi üçün mühüm və nüfuzlu bir platformadır.



SON XƏBƏRLƏR