Generalın üzünə tüpürməyən ataların övladları...

img

25-06-2018 [18:32]


 İbrahim İSGƏNDƏRLİ

***

23.06.2018 tarixində İsfəndiyar Vahabzadənin "Yeni Müsavat" saytında çıxan "Qürbətdə belə bir-birini qıran azərbaycanlılar..." adlı yazısını oxuyanda müəllifin "Mən o generalın üzünə tüpürən kişinin oğluyam, ona görə sizə baxıb utanıram. Xəcalət çəkirəm" fikrinin deyiliş forması məni məcbur etdi ki, ona öz münasibətimi bildirim.

Hörmətli professor, sizin geniş auditoriyaya üz tutaraq bu formada münasibət bildirməyiniz mənə atanızın atdığı addımları bir növ kiçiltməyiniz kimi gəldi.

Sizcə generalın üzünə tüpürməyən ataların övladları sizi qıcıqlandıran belə səhnələrlə rastlaşanda, sizdən fərqli olaraq hansı hissləri keçirirlər? Bəlkə sevinib, əl çalıb, gülürlər?! 

Axı sizin atanız o addımı kiminsə oğlu olduğu üçün atmamışdı. O, bunu öz xalqının əsil övladı olduğu üçün içdən gələn hayqırtılar sayəsində bir mənəvi borc kimi həyata keçirmişdi. Məhz ona görə Bəxtiyar Vahabzadə bu gün də xalqının qəlbində yaşayır. 

Qaldı ki "kişi deyilən şəxs digər kişinin haradasa elədiyi səhvi və yaxud da dediyi sirri aşikaranə surətdə açmaz" fikrinə əsaslanaraq hər şey bilib susmağınızın özü də ziyalı qəbahəti kimi qiymətləndirilə bilər. Çünki düzgün yazılmış tarix hər şeydən öncə kişiliyin dürüstlükdə olmasını öyrədir. Necə deyərlər ikiüzlü ağıllı olmaqdansa, heç olmasa dürüst ağılsız ol.

Qürbətdə bir-birini qıran azərbaycanlıları görüb, onlara istinadən özünün necə bir potensiala malik olduğunu kimlərəsə üstüörtülü şəkildə çatdırmaq gedişinin özü də bir az maraqlı görünür. Deyim ki, ziyalı qapalı danışmır, ya göstərir ya da əməl edir. 

Yeri gəlmişkən bir məsələni də xatırlatmağa məcburam ki,1997-ci ilin 13 sentyabrında "525-ci qəzet”yazıçı Əkrəm Əylislinin müsahibəsi dərc olunmuşdu. O, öz müsahibəsində B.Vahabzadəni "Gülüstan” poemasını yazdığına görə ədəbi şücaət göstərməməklə günahlandırdı. 

Buna müvafiq mən 21 sentyabr 1997-ci il tarixli "Kim kimdən üz döndərib?” adlı məqaləmdə Əkrəm Əylisliyə cavab olaraq bildirdim ki, B.Vahabzadə məhz milli təəssübkeşlik, milli qeyrət müstəvisindən irəli gələrək bunu şücaət hesab edib və o addımı atıb. Tarix də bunu sübut etdi və edir. 

Həmin yazıma Bəxtiyar Vahabzadə anında öz münasibətini bildirdi. Ona görə yox ki, onun mənə ehtiyacı var idi. Yox, sadəcə olaraq o, öz həmvətəndaşının biganə qalmamasına etinasız ola bilməmişdi.

Açıq şəkildə deməliyəm ki, hər şeyi bilənlər susmaqdansa, vaxtında reaksiya vermiş olsaydılar, onda Əkrəm Əylislinin "Daş yuxular"ı Rüstəm İbrahimbəyovun "Qafqaz üçlüyü" və o qohumlarını lənətlədiyin Ramiz Yunuslar və başqa formada digərləri olmazdı. Çünki insan yalnız bir millətin tipik xüsusiyyətlərinin daşıyıcısı ola bilər.

Digər millətdən fərqlənən birisi eyni zamanda iki millətin tipik xüsusiyyətlərini daşıya bilməz. Əks halda həmin insanda tipiklikdən əsər-əlamət qalmaz. 

Nəticəsini isə biz bu gün yaşayırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR