Mənim 26 iyun təbrikim

img

25-06-2018 [11:32]


Bir dahi deyib ki, hər millət öz məktəbində doğulur və öz məktəbində ölür. Bu fikri qismən dəyişib belə də ifadə etmək olar: Hər millət öz ordusunda doğulur və öz ordusunda ölür. Axı bir xalqın varlığı üçün hərbi onun təhsili qədər vacibdir. Məgər ordu özü bir məktəb – kişilik məktəbi deyilmi? Bu deyim çox işlənib, amma nə dildən düşür, nə gözdən, köhnəlmir, çünki həqiqətdir.

Azərbaycan xalqı öz milli mücadiləsinə 1918-ci ildə, müstəqil dövlətin digər rəmzləriylə bir sırada ordusunu yaratmaqdan başlayıb. Həmin proses dəyişkən tarixi şəraitdə təqribən yüz il davam edib. Bu gün Azərbaycan Respublikası güclü Silahlı Qüvvələrə malikdir.

26 iyun – özünəməxsus hərbi ənənələrin yaranmasında zərrəcə xidmət göstərmiş hər bir azərbaycanlının günüdür.

26 iyun – azadlığımız və torpaqlarımız uğrunda canını fəda etmiş şəhidlərimizin xatirə günüdür.

26 iyun – şərəflə döyüşmüş qazilərimizlə fəxarət günüdür.

Gəlin bu gün igidlərimizə həmişəkindən artıq – ikiqat dəyər verək. Ellikcə anaq və qürur duyaq. Qoy Azərbaycan zabit və əsgərlərinin indiki nəsli sayılıb-seçildiyini və sevildiyini bilsin və öz xidmətinə daha böyük şövqlə davam etsin. Qoy yeniyetmə və gənclərimiz – gələcəyin döyüşçüləri Vətənin keşikçisi olmağın ən vacib vəzifə və ən hörmətli peşə olduğunu dərk etsinlər və duysunlar. Bizi onlar qoruyub, bizi onlar qoruyur, bizi onlar qoruyacaq, Qarabağı məhz onlar azad edəcəklər!

Səngər qurub ön mövqelərdə fasiləsiz döyüş növbətçiliyini həyata keçirən, gecə-gündüz bilmədən Vətənin keşiyində duran Azərbaycan əsgərləri! 26 iyun – ilk növbədə sizin gününüzdür: bayramınız mübarək! Qızımız, bacımız, anamız Azərbaycanı göz bəbəyi kimi qoruyun. Oğlumuz, qardaşımız, atamız Azərbaycanın keşiyində ayıq-sayıq durun. Gözünüz-qulağınız iti, atəşiniz sərrast olsun!

Çətin və şərəfli hərbçi peşəsini seçmiş Azərbaycan qızları! Siz sübut edirsiniz ki, doğrudan da, aslanın ekrəyi, dişisi olmaz. 26 iyun – sizin gününüzdür. Bayramınız mübarək!

Azərbaycan oğulları! 26 iyun – ordu günü, Vətən keşikçisi günü, deməli öncə oğlanların, kişilərin bayramıdır. Nəzərə alın: Azərbaycan qızları, Azərbaycan qadınları sizi həmişə ucalıqda, hamıdan güclü və qalib görmək istəyir.

Unutmayaq, əzizlər: bayram günü həm də hesabat günüdür. Ötənilki 26 iyundan 1 il ötüb, amma gələn 26 iyuna hələ 1 il var…

Qoy Uca Tanrı bizə tezliklə bütün düşmənlərimiz üzərində parlaq qələbə nəsib etsin!

Bayramıınız mübarək!

Seymur Şahbazov

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR