Şriftin ölçüsü / 132 dəfə oxunub

Pərviz Şahbazov OPEC-in tədbirində çıxış edib

21 Iyun 2018 [17:15]
Energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) "Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda keçirilən VII beynəlxalq seminarında çıxış edib.

Energetika Nazirliyindən Mia.az-a verilən xəbərə görə, nazir çıxışında gələcəkdə dünya iqtisadiyyatında neftin rolu, neft bazarında mövcud tendensiyalar və Azərbaycanın neft ölkəsi kimi gələcək inkişaf strategiyasından bəhs edib.

Energetika naziri OPEC+formatında əməkdaşlığın neftin qiymətinin sabitləşdirilməsi məqsədinə nail olduğunu, lakin qlobal neft bazarında, neft sənayesində yaranan yeni vəziyyətin bu əməkdaşlıq üçün yeni prioritetlər müəyyənləşdirdiyini deyib: "Dünyada iqtisadi artım templəri, neft-kimya sektorunun inkişafı, bərpa olunan enerji mənbələrinin hələlik nefti əvəz edə bilməməsi kimi faktorlar yaxın perspektivdə neftin enerji balansında aparıcı mövqeyini təmin edəcək. Bununla belə bir sıra əsas neft ölkələrində geosiyasi səbəblərlə əlaqədar hasilatın kəskin azalması və bazara çıxışda gözlənilən məhdudiyyətlər, eləcə də son illərdə aşağı neft qiymətləri ilə əlaqədar transmilli şirkətlər üçün upstream sektorunun cəlbediciliyini itirməsi gələcəkdə qlobal tələbatın ödənilməsindəçətinliklər vəd edir. Enerji bazarının yenidən balanslaşması, neft sənayesinə gələcəkdə tələbata uyğun investisiyaların qoyulmasını təmin etmək OPEC+ formatında əməkdaşlığı vacib edir.”

Çıxışda qeyd olunub ki, həm istehsalçı, həm də istehlakçı ölkələrin maraqlarına cavab verən bazarın formalaşması üçün ortaq həll yollarının tapılması yalnız əməkdaşlıq əsasında mümkündür. Həmçinin "ƏməkdaşlıqBəyannaməsi”ni imzalamışAzərbaycanın qlobal neft bazarının tənzimləmə prosesində iştirakının ölkədə həyata keçirilən neft siyasətinə təsirləri, neft sektorunun inkişafı istiqamətində imzalanmış yeni sazişlər və həyata keçirilən layihələr, cəlb olunmuş investisiyalar barədə ətraflı məlumat verilib.

P.Şahbazov tədbir çərçivəsində "Equinor” şirkətinin qlobal strategiya və biznesin inkişafı üzrə vitse-prezidenti Əl Kuk ilə görüşüb. Görüşdə Cənub Qaz Dəhlizi və TANAP kəmərinin açılışının əhəmiyyətindən danışılıb.TANAP layihəsinin nəzərdə tutulandan da az vəsaitlə həyata keçirilməsi təqdir edilib. Bu yaxınlarda Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ” neft yatağının işlənməsi, Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı və işlənməsi ilə bağlı imzalanmış sazişlər neft-qaz sahəsində əməkdaşlığın inkişafında mühüm hadisələr kimi qiymətləndirilib. Şirkətin bərpa olunan enerji sahəsində yeni fəaliyyət istiqaməti çərçivəsində Azərbaycanla əməkdaşlıq imkanları nəzərdən keçirilib.




SON XƏBƏRLƏR