Uşaq bağçalarında bu gün nə baş verir?

img

14-06-2018 [13:39]


Neçə gündür ki, bir məsələ ilə bağlı müraciətlərə aydınlıq gətirməyə çalışıram. Və eşitdiklərimdən, gördüklərimdən... dəhşətə gəlirəm! Demə, qanun-qaydalara riayət etməyən "bəzi-bəzi” rəhbər işçilər dövlət müəssisələrində qorxmadan, çəkinmədən özbaşınalıq edir, acıq-aşkar "alver”lə məşğul olurlar. Necə? Məsələni açıqlayım.

Söhbət məktəbəqədər müəssisələrdən gedir. Yox! Düz tapmadız! Söhbət bağcaya uşaq düzəltməkdən getmir. Bu, hamıya məlumdur: pulunu ver, məsələ həll olunsun! Vəssalam!

Söhbət uşaq bağçasının "Məktəbəqədər hazırlıq qrupu”nda tərbiyə alan, bu il 1-ci sinifə qədəm qoyacaq usaqlardan gedir. Belə ki, əvvəllər dərslər 1 sentyabr tarixindən başlananda, valideynlər uşaqlarını 31 avqust tarixinədək tərbiyə ocağına apara bilərdilər. Bəs bu gün vəziyyət necədir? Hazırda dərslər 15 sentyabr tarixində başlayır və Qanunla bu il birinci sinifə gedəcək uşaqlar elə 15 sentyabr tarixinədək bağçaya gedə bilərlər! (Bu fakt Təhsil Nazirliyi və bir neçə İcra Hakimiyyətləri tərəfindən təsdiqlənib). Valideyn işləyir və yaxud işləmir, bunun mətləbə dəxli yoxdur. Qanun Qanundur və hec kim onu oz çirkin məqsədi üçün dəyişdirə, ona zidd hərəkət edə bilməz!

Təəssüflər olsun ki, bəzi məktəbəqədər müəssisələrin rəhbərləri (bəzi yerlərdə isə, hətta müəllimlər) valideynlərə "Əlvida bağça” tədbirindən, yaxud 15 iyun və s. tarixlərdən sonra uşaqları bağçaya gətirməməyi bildiriblər. Sual olunur: nəyə əsasən?

Uzun müddət tərbiyə ocağında çalışan vicdanlı, savadlı peşəkar müəllimlər, həmçinin öz üzərində daima çalışaraq yenilikləri mənimsəməyə can atan gənc kadrlar, təbii ki, qayda-qanundan xəbərdardırlar. Bəlkə də, elə bu "bəzi” müdürlər də nəyin nə olduğunu bilirlər, lakin nəfislərinə qalib gələ bilməyərək, "yeni metod”la asan gəlir əlde etməyə çalışırlar?! Deyəsən, ele belədir! Axı, "köhnələr” tez getməlidilər ki, yerlərini "təzələr”i tutsunlar. Və yaxud uşağın bağçada qalması üçün valideyn müdiriyyətdən xahiş edib, "şirnilik” (tebii ki, söhbət puldan gedir) verməlidir...

Bir məsələyə də toxunmaq istəyirəm. Aidiyyəti qurumlar və İŞBİLƏN bağça müdirləri yaxşı bilirlər ki, "məktəbəqədər” qrupa götürülən yeni uşaq tərbiyə ocağına yeni tədris ilindən (yəni kİ, 15 sentyabrdan) gəlməlidir. Məlum qaydaları bilib, onları "qəbul etməyən”lərə daha nə deyək?! Nə isə...
Belə düşünürəm ki, məktəbəqədər müəssisələrdə çalışanların bacarıq və bilik səviyyələrinin artırılması üçün "Bilik və təcrübənin artırılması”, "Yeniliklərlə tanışlıq”, "Uşaqlarla düzgün davranış” və s. kimi öyrədici, maarifləndirici tədbirlər, təlimlər... keçirilməli, kurslar təşkil olunmalıdır.

Ümumiyyətlə, təlim-tərbiyə ocaqlarında son zamanlardakı problemlərdən danışmaqla qurtarmaz. Daxil olan müraciətlərdən görünür ki, bu, təkcə uşaq qəbuluna deyil, həm də qidalanmaya, davamiyyətə, əyani vəsaitlərə və s. aiddir...

Nə yaxşı ki, bu gün Dövlətimizin diqqət və qayğısı sayəsində yüksək səviyyəli, hər cür təminatlı, düzgün iş prinsipi qurulmuş nümunəvi tərbiyə ocaqları çoxluq təşkil edir. Həyatının 50 ilini uşaqların təlim-tərbiyəsinə həsr etmiş ANAmın simasında, işini və fidan balaları ürəkdən sevən, bacarıqlı, məsuliyyətli... MÜƏLLİMlərin qarşısında baş əyirəm! Ümid edirəm ki, işinə səhlənkar yanaşan, vəzifəsindən gəlir mənbəyi kimi istifadə edən "azlıq”lar -"BƏZİ”ləri Müqəddəs Ramazanda etdikləri səhvləri, az da olsa, düşünəcəklər və gələcək işlərini düzgün qurmağa çalışacaqlar...

"Uşaqlar parlaq gələcəyimizdir!” – deyirik. Gələcəyimizin təminatçıları üçün yaradılan qayda-qanunları isə pozmağa kimsənin haqqı yoxdur! Əgər bu gün hər hansı vəzifə sahibi Ölkə başçısı və yaxud şəhər rəhbərliyi (və yaxud nazirliklər) tərəfindən etimad göstərilərək təyinat alırsa, həmin vətəndaşın ilk əvvəl, etimadı doğrultmaq üçün, vəzifə borcu işinə vicdanla və məsuliyyətlə yanaşmaqdan ibarətdir!

QEYD: Bu məsələylə bağlı, aidiyyəti qurumlar, oxucular munasibətlərini bildirə bilərlər. (Və növbəti yazılarda faktlar adlar çəkilməklə göstəriləcək).

Aygün Hacıyeva



Digər xəbərlər
SON XƏBƏRLƏR