Şriftin ölçüsü / 715 dəfə oxunub

"Elçibəyə döyüş meydanında qalib gəlməsindən savayı..."

07 Iyun 2018 [17:15]
Zahid ORUC

***

90-cı illərdə yeni formasiyaya keçid və totalitar bir quruluşun çöküşünü şərtləndirən demokratik hərəkatlar milli respublikaların hamısında yaşayan titullu-yəni əsas xalqların hansı səviyyədə müstəqil dövlət qura bildiklərini ortaya çıxardı.

Kim bilir, Ermənistanla Azərbaycan arasında müharibə baş verməsəydi, SSRİ-nin dağılmasından sonrakı proseslər Qafqaz ölkələrində necə inkişaf edərdi, lakin tarix şərt şəkilçisini qəbul etmədiyindən gəlin razılaşaq ki, nüvəsini daha çox elm adamlarının, xüsusilə də şərqşünaslıq sahəsində ixtisaslaşan inqilabi liderlərin təşkil etdiyi azadlıq mübarizəsinin öncülləri real səlahiyyət sahiblərinə çevriləndə lənətlədikləri keçmiş rejimin heç olmasa zorən yaratdıqları sabitliyi qoruyub saxlaya bilmədilər. İmperiyanı dağıtmaq üçün yarayan xaos şəraiti milli dövlət quruculuğu zamanı yalnız bəlalar gətirdi.

Əslində müqayisə edəndə Ermənistanın kommunist partiyasını devirən qüvvələrin siyasi potensialı bizimkilərdən yüksək deyildi.Yəni, o vaxtlar böyük xalq enerjisi və ruhuna baxmayaraq, güclü beyin mərkəzləri və regional-beynəlxalq münasibətləri öyrənən institutlar hələ təzə-təzə yaranırdı,belə olan təqdirdə şərşqünaslıq institutundan prezidentlik kreslosuna yerini dəyişən Levon ter Petrosyanın öz elmi həmkarı Əbülfəz Elçibəyə döyüş meydanında qalib gəlməsindən savayı həm də cəmiyyəti yeni dövrün çağırışları əsasında stukrurlaşdırması, sosial ziddiyələtləri barışa çevirməsi və çox uğurlu bir şəkildə xarici yardımlardan faydalanması düşmən ölkənin üstünlüyü sayıla bilərdi. Bizim dissident alimlərimizin dağınıq və pərakəndə əlyazmalarını baş plana çevirib ondan dövlət binası tikməyin qeyri-mümkün olduğunu görən ən qatı və barışmaz antikommunistlər belə məsələn, elə Polşada Lex Valensanın necə uğurlu bir şəkildə keçmiş sistemi dağıdıb yerində yenisini ucaltdığını yaxşı gördülər.

O vaxtdan bəri Şərqi Avropada və ya Cənubi Qafqazda çox şey dəyişib, ölkələrin inkişafı və müstəqillik səviyyəsi bir-birindən kəskin şəkildə fərqlənməyə başlayıb. Lakin Paşinyanın ifasında İrəvandakı son inqilab qonşu ölkədə təkcə rejimin axırına çıxmayıb, eləcə də Ermənistan daxili, regional və beynəlxalq müstəvidə tirajladığı postulatları, tezis və prinsipləri də tam yeniləyib. Uzun illərdir Rusiyanın cənub əyaləti statusundan kənara çıxmayan bir ölkə indi dünyada dəbdə olan trendləri istismar edir. Adını da qoyublar küçə etirazlarının kapitallaşması. Yox, sonuncu ifadəyə birbaşa hərfi mənasında yanaşmayın. Söhbət ondan gedir ki, azadlıq, liberal haqlar, məmur məsuliyyəti, şəffaf idarəçilik və güclü vətəndaş institutu terminləri həqiqətən də xarici bazarda yaxşı satılır. Təsadüfi deyil ki, Avropa Parlementinin Siyasi Komitəsi 5 mayda qəbul etdiyi qətnamədə inqilabın mükafatını verməyə qalxaraq, on maddəlik sənəd qəbul edir və bəyan edir ki, İrəvana hər cür maddi-mənəvi köməyini əsirgəməyəcək. Əlbəttə, ayrıca sətiraltı ifadələrdə Avrasiya İqtisadi Birliyində yer almasa bu ölkəyə xeyli iqtisadi preferensilayar verilə biləcəyi də dilə gətilir və eyhamla Rusiyadan qaçışa əlahiddə güzəştlər vəd olunur. Məsələn, tariflərin və gömrük rusumlarının İrəvanın hazırki ağır durumuna uyğunlaşdırılması, ayrıca ixrac və idxal kvotaları həqiqətən də Rusiyanın tam idarəçiliyi altında olan Ermənistan iqtisadiyyatında "əllərin dəyişməsi”nə aparıb çıxara bilər.

Amma Ağ Evin yağlı vədləri daha böyükdür.Əgər xatırlayırsızsa, Birləşmiş Ştalatların səfiri Riçard Maylz demişdi ki, qoy Sarkisyan həqiqi müstəqillik işartıları nümayiş etdirsin, yəni Kremlin nökəri kimi davranışlarına azca ara versin, biz təhlükəsizlik və maliyyə yardımınını göstərməyə hazırıq.İndi dövlət katibinin köməkçisinin müavini Biricit Brink eyni paket təkiflərlə gəlib Paşinyana daha real qarantiyalarla ölkəsini Qərbə aparmağın yollarını göstərir və belə görünür ki, Moskva bu dəfə Ukraynadakı davranışlarından fərqli yol seçmək fikrindədir. 

Ermənistanı Donbasla əhatələmək layihəsi işə salınsa, onda gərək Qafqazın bütövlükdə xəritəsini dəyişdirəsən.İndiki saknsiya rejimi altında hər gün çoxmilyardlı itkilərə məruz qalan bir dövlət belə bahalı layihələrə baş vurmaz. Bir də ki, İrəvanın içərəsində o qədər KRIMLAR VAR Kİ..

Hər halda Qriboyedovun tarixdən boylanan dərslikləri Lavrovun idarəsində saxlanılır və nəinki Azərbaycan, eləcə də Türkiyə və İran bu ölkəni bir günün içərisində öz aralarında bölüb xəritədən silərdilər.Ona görə də Paşinyanın müstəqil Ermənistan ideyası puçdur, xülyadır və üsyançılara xas romantikan başqa bir şey deyil.

Lakin bizi qayğılandıran demokratik Ermənistanın indi Qarabağa sıçratdığı dalğadan sonra çeynədiyi yeni leksikondur. 90-cı illərin kriminal rejimlərindən qurtulan bir dövlət sanki yeni doğuluşunu hamıya qəbul elətdirmək üçün "demokratik Qarabağ rejimi”ni də meydana çıxarıb Azərbaycanı beynəlxalq məkanda təhdid etmək istəyir. Doğrusu, on illər ərzində ermənilərə qan udduran rejimlər xalqı belə liderlərdən məhrum elədiklərinə görə Azərbaycanın xeyrinə işləyiblər. Lakin sual bu deyil. Bizim üçün əsas arqument "işağılçı dövlətin demokratik ola bilməzliyi”ni dünyaya yenidən sübut etməkdir. Necə ola bilər ki, keçmiş hakimiyyəti dünya cinayətlərdə ittiham edən yeni iqtidar Şuşaya gələndə tam səhra komandiri kimi çıxış edir? 

Prezident İlham Əliyev də haqlı olaraq bəyan edir ki,bizim on illərlə yüksək kürsülərdən, ocümlədən BMT tribunasından söylədiklərimizi indi erməni xalqı meydanlarda dilə gətirir. Bəs onda belə ikiləşmənin səbəbi nədir? 

Hər halda bunu bir millətin natamamlıq kompleksi ilə izah etmək olmaz.Qanın burda nə günahı var? Yaxud, sülh platforması ilə çıxış etmək Paşinyanı öz tərəfdarları ilə üz-üzəmi qoyardı? Qətiyyən, yox. Əksinə, onun regional nüfuzu güclənə bilərdi və müharibə ritorikasını puça çıxarardı.Hamı beləsi ilə işləməyə can atar və investisylarını oraya yatırardılar. Ona görə də Paşinyan işğalı tərənnüm edəndə sarkisyanlaşır və elan etdiyi müqəddəs idealları ləkələyir. Necə ola bilər ki, sən ədalətli məhkəmədən danışıb, sonra Xankəndində neçə illərdi çürüyən iki azərbaycanlıya göz yumursan. Halbuki "sevgi inqilabı”nın liderləri Şahbaz və Dilqəmi həbsdən azad edərək, Azərbaycan qarşısında daha böyük diplomatik və siyasi üstünlük əldə edə bilərdilər.

Deməli, biz bir daha əmin oluruq ki,Qarabağ konflikti nə qədər qalırsa, Ermənistanın demokratikləşməsi və müstəqil dövlət olmaq perspektivi bir o qədər qeyri-mümkündür. Obrazlı deyimə çevirdikləri "demokratlar dalaşmırlar” ifadəsini siyasi kursunda nümayiş etdirməyən hakimiyyətin Koçaryan-Sarkisyan xuntasından heç bir fərqi yoxdur. Belələrinin hansı libası geyinməsi podiuma tamaşa edənləri çaşdıra bilməz!


Digər Xəbərlər

SON XƏBƏRLƏR