Açılan sandıq, tökülən pambıq...

img

06-06-2018 [21:51]


Səxavət Tağlar,

Əməkdar müəllim, yazıçı-publisist

***

Araz çayının sol sahili. Nə yaxşı ki, Araza yaxın bir ərazidə yaşayırıq. Elə ki, Aranın axşamları olur, gün öləziyir, özümüzü veririk  yaxınlıqda olan  bağ-bağatlı bir istirahət məkanına. Əvvəlcə doyunca gəzirik. Sonra... Çay dəsgahı, nərd, duzlu-məzəli söhbətlər... Və bir də gəzinti. Bilirsən, Arazboyu axşamlarının o sərin havası Aranın  yandırıcı, üzücü gün əhval-ruhiyyəsini necə unutdurur insana?

...Bir axşam nədənsə yoldaşlarım gəlib çıxmadı. Elə çayxanada aldığım qəzetlərə baxırdım ki, iki nəfər bazburudlu kişinin söhbəti məni özünə çəkdi. Düzü, belə məqamlarda heç vaxt onun-bunun söhbətinə qulaq asan deyiləm. Ancaq nədənsə, bu dəfə... Nərdtaxtanın taq-taraqqından güc-bəla ilə eşidirdim. Sifətim başqa səmtə baxsa da, qulaqlarım o kişilərin söhbətindəydi. Hansı rayondansa gəlmişdilər.

   - Ə, xəbərin var xəbərdən?!

   - Nə xəbər, nə zad?

   - Sosial mediada gəlibdir e, işləri dəbərdən. Getdi o kefli-damaqlı günlər.

   - Ay qardaş, nə kef, nə damaq, nə sosial şəbəkə?! Bir əməlli danışsana?!

 - Qulağını bəri elə e, bəri. Bu sosial şəbəkədə deer, Thomas Crowndı, kimdi, bir "Təhsil şikayətləri” qrupu yaradıb. Yaman sorğu-sual aparır, camaatın gözünü açır. Bizim də bir müəllimə o qrupun üzvüdür. Daha Thomas Crown dilindən düşmür.

  - Nə olsun ki?

  - Bilirsən, onlar müəllimlərlə nə sorğu aparır?!

  - Hansı məktəblərdə vakansiyalar gizlədilib?

  - Kim, hansı məktəb direktoru və TŞ işçisi DQ-da, MİQ-də və müəllimlərin yerdəyişməsində pul alıb?

  - Dərs saatları DQ-ya görə bölünürmü?

   - Eşitdiyiniz, bildiyiniz neqativ hallar varmı?

  - Biz hər bir müəllimin müdafiəçisiyik, bizə yazın və sairə... Zalım uşağı bütün işıqgələn yerləri elə bil əliynən qoyub. Deyerəm e, o istifadəçilər bəlkə direktor-zad işləyiblər?! İndi jurnalistliyə başlayıblar.

   - Ə, bir dayan, bir dayan. Nə olsun?! Düz işlə, əqidə -amalını pula satma, yüz "Təhsil şikayətləri”qrupu sorğu aparsın. Mən də deerəm səhərdən nə düşünür, nə danışır. Bil ki, o əyri işlər nə vaxtsa dəbərdiləcək...

 Peşə məşğuliyyətdənmi, nədənmi, bu ikinci şəxsin həmkarının sorğularına cavabı məni özünə çəkdi. Daxilən mövqemizin üst-üstə düşdüyünü duydum.

 Elə bu zaman köhnə dostlardan biri çayxanaya daxil oldu və uca səslə: 

  - Xoş gördük, müəllim. Hanı qardaşların? - deyə, mənə müraciət etdi. Hiss etdim ki, möhtəşəm dialoqdan yan-yörəyə baxmayan bu qonaqlar mənim müəllim olduğumu duydular və dəqiqləşdirmək üçün çayçıdan nəsə soruşdular...

  ...Artıq gəzinti başlamışdı. Qonaqlarla dalbadal gəzirdik. "Təhsil şikayətləri” məsələsini ortaya atan qonaq birdən geri dönüb:

  - Salam, ay müəllim, -deyə, mənə üz tutdu:

- Bağışla, gec tanıdım. Oxuyuruq səni... 

...Söhbət və gəzinti. Öyrəndim ki, qonaqlar qonşu rayonun məktəb direktorlarıdır. Nə gizlədim, birinin düşüncəsi, mədəniyyəti, yanaşım tərzi, intellekti  valehedici idi. Digərininki isə tam əksinə. O əksinə bildiyim, içində "Təhsil şikayətləri” qrupunun sorğularının həyacanını yaşayırdı. Odur ki, bayaqdan xısın-xısın danışdığı, içini göynədən, vücudunu silkələyən söhbətə qayıtdı.

- Siz " Təhsil şikayətləri” qrupunun üzvüsünüz?!

  - Bəli.

  - O Thomas Crowndı, kimdi?! Açıb sandığı, töküb pambığı...

   -  ...

  - Bəs, biz dolanmalı deyilik?! Bizim balamız, qonağımız, müdrimiz, gəlib-gedənimiz, umub-küsənimiz yoxdur?!

  O danışdıqca mən ikinci qonağın sifətinə baxırdım.Yazıq xəcalət şəkirdi. Və birdən özünü saxlaya bilməyib:

 - Ə, Əliş bəsdir də... Cəmiyyət düzələcək, vallah, sən düzələn deyilsən, - deyə həmkarına sərtləndi...

 ...Söhbət və mövqe artıq mənə tanış idi... 

Qonaqlarla xeyli gəzdik. Təhsilin inkişafı, yeniləşmə, aparılan islahatlar söhbətimizin əsas mövzusu oldu. Hər üçümüz "Təhsil Nazirliyinin neqativ hallara, əyriliklərə, rüşvətə qarşı birmənalı mövqeini  bəyənirik” desək də, Əliş müəllimin canında "Təhsil şikayətləri”nin şef yazarının sorğularının qorxusu yaşanırdı...


Digər xəbərlər
SON XƏBƏRLƏR